İstanbulda Novruz bayramı mərasimi keçirilib

İstanbulun Topkapı bölgəsində yerləşən Türk dünyası mədəniyyət məhəlləsində Novruz bayramı mərasimi keçirilib.
42-CiParalel-in məlumatına görə, Türkiyə Turizm və Mədəniyyət Nazirliyi İstanbul idarəsinin təşkil etdiyi mərasimdə vali Vasip Şahin, bələdiyyə sədri Kadir Topbaş, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, türk dövlətlərinin İstanbuldakı baş konsulları iştirak ediblər.
Mərasimin bədii hissəsi başa çatandan sonra İstanbul valisi və bələdiyyə sədri türklərin qədim ənənəsinə uyğun olaraq dəmir döyüblər. Vali və bələdiyyə sədri daha sonra mədəniyyət məhəlləsində yerləşən Azərbaycan, Özbəkistan və Qazaxıstan evlərinə baş çəkiblər. Hər ölkə özünün milli yemək və şirniyyatlarını mərasim iştirakçılarına paylayıb.
Qeyd edək ki, türk dövlətləri arasındakı mədəni əlaqələri gücləndirmək məqsədiylə İstanbul bələdiyyəsi 2005-ci ildə tarixi Topkapı bölgəsində Türk dünyası mədəniyyət məhəlləsi yaradıb. Məhəllədə Türk dilli xalqların mədəniyyətinin nümayiş etdirildiyi evlər var.