Qafqazda yeni sünni-şiə davası

42-ciparalel.az
Qərbin bəzi dairələri Azərbaycanı Suriya münaqişəsinə çəkməyə çalışırlar.
Vladimir Putinin Suriyada gedən vətəndaş müharibəsinə müdaxiləsi Qərb mətbuatı tərəfindən Rusiyanın sünnilərə qarşı şiə alyansı yaratması kimi qələmə verilir.
Amerikada dərc olunan "Foreign Policy" jurnalı bu həftə dərc olunmuş sayında məsələyə xüsusi məqalə həsr edib. Müəllif Marvin Kelb "Putinin müsəlman vahiməsi" adlı məqaləsində Rusiya təyyarələrinin Suriyada prezident Əsədin sünni müxalifətini bombaladığını bildirir. Məqalə müəllifi iddia edib ki, şiə alyansına rəhbərlik edən Rusiyaya qarşı Qafqazda güclü bir sünni müqaviməti baş qaldıra bilər.
Rusiyanın müxalifət yönümlü mətbuatı məsələyə bu gün reaksiya verib. "Kasparov.ru” saytı Vladimir Putin haqqında "Şiə torpaqlarını birləşdirən” adlı məqalə yazaraq, Dağıstanda 100 mindən çox şiə azərbaycanlı icmasının yaşadığını bildirir, şiələrin yığcam yaşadığı Dərbənd şəhərini barıt çəlləyinə bənzədir.
Əslində, məqalənin tam yanlış arqumentlər əsasında yazıldığı açıq-aydın görünür. Suriyada ümumiyyələ şiələr yaşamır və Bəşər Əsəd ümumiyyətlə şiəlikdən və sünnilikdən eyni səviyyədə uzaq olan nüseyriməzhəbinin təmsilçisidir. Nüseyriləri ümumilikdə müsəlman adlandırsalar da, əksər teoloqlar onları müsəlman adlandırmaqda çətinlik çəkirlər. Çünki Allahın üç nəfərin - Məhəmməd peyğəmğərin, imam Əlinin və Salman Farsinin sürətində təcəlla etməsi barədə qarışıq sistemə malikdirlər, namaz qılmırlar. Bu dində zina anlayışı yoxdur və hər cür intim münasbiti eşq adlandırırlar. Səlib yürüşləri zamanı xristianlara yardım etmiş nüseyrilər İslamın şiə və sünni qanadlarından eyni məsafədə uzaqdırlar.
Lakin buna baxmayaraq bəzi qərb politoloqları Suriya rəhbərliyini şiə hakimiyyəti kimi qələmə verməyə çalışırlar. Millət vəkili Fazil Mustafa bunu yanlış addım sayır: "Suriya ilə İranın müttəfiq olması üzündən belə düşünürlər. Əslində, İranın Əsadı dəstəkləməsinin şiəliklə heç bir əlaqəsi yoxdur. Bu, sırf strateci addımdır. Ona qalanda Ermənistan heç müsəlman ölkəsi deyil, amma İranın strateci müttəfiqidir”,- deyə Fazil Mustafa bildirib.
Buna görə də, millət vəkili Qafqazda sünni-şiə münaqişəsinin alovlanacağı barədə deyilənləri ciddi saymır: "Rusiya bu cür münaqişənin baş qaldırmağına imkan verməz. Çünki bu məsələnin qızışmasında maraqlı deyil. Putin Suriya müharibəsinə müdaxilə etməklə Qərbə qarşı döyüşür, Rusiyanın super güc olduğunu xatırlatmaq istəyir”.

Fazil Mustafa - millət vəkili
Fazil Mustafanın fikrincə, Azərbaycan bu cür məsələlərdən uzaq durmalıdır: "Biz bu cür məsələlərin gündəmə gəlməsinə imkan verməməliyik. Azərbaycan əslində dini rituallara elə də dərin riayət olunmayan dünyəvi dövlətdir. Biz dünyəvi dəyərlərin daha çox gündəmə gəlməsinə çalışmalıyıq”.
Əslində, məntiqə görə, Suriyanın sünni radikalları da Rusiyanı özlərinə düşmən saymamalıdırlar. Çüni Putin Suriyada heç də radikal sünnilər kimi tanınan İŞİD-in mövqelərini vurmur. Rusiya təyyarələri əsasən qərbyönümlü Azad Suriya Ordusunun (ASO) mövqelərini vurur. Türkiyənin himayəsində olan ASO əsasən türkmənlərdən, kürdlərdən, xiristian ərəblərdən və aysorlardan ibarət qruplaşmadır. Rusiya ASO-nu zəiflətdikcə, onun mövqeləri İŞİ-in əlinə keçir. Yəni dolayısı ilə Rusiya da İŞİD-ə dəstək verir. Buna görə də, hələ ki, sünni radikalizminin Qafqaza qədər gələcəyi ehtimal yoxdur.
Amma bununla belə, Azərbaycan ehtiyatlı olmalıdır və sünni-şiə münaqişəsini qızışdıran istənilən mənbəni yerində susdurmalıdır. Düşmiən qüvvələr bu məsələdə istənilən ölkənin İraqın vəziyyətinə sala bilərlər. Amerika işğalına qədər İraqda kimin şiə, kimin sünni olmasını kimsə bilmirdi, ailələr hamısı qarışıq nikahlar əsasında qurulurdu. Amma işğalçılar gəldikdən sonra bu ölkə məzhəb davasının qanlı səhnəsinə çevrildi.