İraqdan qaçan və bir ay aeroportada yaşayan azərbaycanlı ( FOTO )

42-ciparalel.az
Azərbaycanda doğulan Gülüstan adlı qadın 4 uşağı və həyat yoldaşı ilə Rusiyaya buraxılacağı günü gözləyir.
Bir aydan çoxdur ki, Moskvanın Şeremetevohava limanında ailəsi ilə birgə məskunlaşan Gülüstan İsa-Şaxo Azərbaycan vətəndaşı olub.
Qazaxıstanın Rusiyadakı səfirliyi ailəsi ilə birgə İraqdan Rusiyaya qaçan Gülüstan İsa-Şaxonun öz vətəndaşı olduğu barədə məlumatı təkzib edib.
Konsulluq əməkdaşlarının qadınla söhbət etdiyi zaman məlum olub ki, əslən kürd olan Gülüstan 1981-ci ildə Azərbaycanda doğulub və uşaqlıqda valideynləri ilə birgə Qazaxıstana köçərək bir neçə il burada yaşayıb.
Qazaxıstan səfirliyinin məlumatına görə, xanım bu ölkənin vətəndaşlığını almayıb. "1998-ci ildə o İraqa köçüb və orada yaşayan əslən Suriyadan olan vətəndaşla ailə quraraq İraq vətəndaşlığını qəbul edib”, - deyə səfirlikdən bildiriblər.
Diplomatlar həmçinin qeyd ediblər ki, Gülüstan İsa-Şaxo hər hansı bir xahişlə Qazaxıstan hökümət orqanlarına müraciət etməyib. İndi İsa-Şaxo ailəsinin gələcək taleyi Rusiya Federasiyasının miqrasiya orqanlarından asılıdır.
Hazırda ailə qaçqın statusu almaq üçün təkrarən Rusiya miqrasiya xidmətinə müraciət edib.

İsa-Şaxo ailəsi Şeremetyevo hava limanında məskunlaşıb
Daha əvvəl bir sıra Rusiya KİV-i Şeremetevo aeroportunun tranzit ərazisində artıq bir aydan çoxdur ki,Suriyalı 4 uşağlı ailənin yaşadığı haqda məlumat yayıblar. Mətbuatda ananın Qazaxıstan əsilli olduğu bildirilirdi. Qadına, onun həyat yoldaşına və 4 uşağına sənədləri ilə bağlı problemləri olduğu üçün Rusiyaya giriş qadağan edilib. Müharibədən qaçan ailə Samara şəhərinə yaşayan qohumlarının yanına sığınmaq istəyiblər.
İsa-Şaxo ailəsi İraqdan Türkiyə ərazi vasitəsi ilə qaçıb. Rusiya miqrasiya xidməti onların sənədlərinin saxta olduğunu əsas gətirərək Rusiyaya girişini əngəlləyib.
Onlar niyə məhz Rusiyaya qaçdıqları və hava limanında yaşamaları haqda "Astana” telekanalına müsahibə veriblər. Ailənin xanımının sözlərinə görə, onlar Orbir şəhərində də yaşayıb. "Bizim dördümüzün pasportu var idi, yalnız iki uşağın sənədi yox idi - kiçik oğlum və qızımda, onun 3 yaşı var. Biz pasport qeydiyyatı şöbəsinə müraciət etdik, onlar dedilər ki, indi Bağdad pasport vermir. Orda dəhşətli müharibə gedir, uşaqlarım dəli olurdular. İraqda yaşamaq qorxuludur. Terrorçular səninlə, evinlə, uşaqlarınla, həyat yoldaşınla nə istəsələr edə bilərlər. Quranda belə şey yoxdur. Onlar bilirsiz nə qədər uşaqları özləri ilə apardılar, nə qədərini öldürdülər. Qız uşaqlarının zorlayırdılar, bir çoxlarını satırdılar. Daha gözəl olanlarını isə özləri ilə aparırdılar”, - deyə qadın İraq və Suriyada cərəyan edən hadisələri təsvir edir.

İraqda gedən hərbi əməliyyatlar
Rusiya gəlmək qərarını isə qadın belə izah edir: "Mən elə bilirdim burada yaxşı olacaq. Hərdən fikirləşirəm axı bura necə düşdüm... Əgər bilsəydim ki, belə olacaq gəlməzdim. Biz bura qaçqın kimi gəlmişik. Burda isə deyirlər ki bura Avropa deyil. Niyə bura gəlmisiniz? Bəs mən hara gedim? Mənim burada bacım var, Samarada yaşayır”.
Hazırda ailə başçısı Əhməd onun həyat yoldaşı Gülüstan və 4 uşağının taleyinin necə olacağı bəlli deyil. Rusiya tərəfinin sənədləri araşdırmasına aylarla vaxtın gedəcəyi bildirilir.

Ailə başçısı Əhməd və onun 4 uşağı
İraq və Suriya hazırda dünyanın "qaynar nöqtələri" hesab olunur. Burada gedən vətəndaş müharibələri və İŞİD silahlılarının ölkələrin bir sıra ərazilərini nəzarətdə saxlaması vəziyyəti daha da qəlizləşdirir.
Hər iki ölkədə cərəyan edən hadisələr dünyada miqrant axınına səbəb olub. 2015-ci ilin əvvəlində Avropa İttifaqına münaqişə gedən bölgələrdən 340 min miqrant daxil olub.