Gürcüstanın "boz kardinal"ı ölkəni yenidən müharibə meydanına çevirə bilər

42-ciparalel.az
Dünən Gürcüstanın paytaxtı Tiflisdə yenidən bərpa olunan Müqəddəs Gevorq kilsəsinin açılışı olub. Açılışda Ermənistan prezidenti Serj Sarkisyan, həyat yoldaşı Rita Sarkisyan, bir sıra rəsmi şəxslər və din xadimləri də olub.
Bundan başqa, tədbirdə Gürcüstanın keçmiş baş naziri, filantrop, sahibkar, "Forbes" jurnalının hesablamalarına əsasən, dünyanın ən varlı 153-cü adamı olan Bidzina İvanişvili də iştirak edib.
Ermənistan prezidenti Serj Sarkisyanın qonşu ölkəyə kilsə açılışı ilə bağlı səfəri qəfil olub. Görünür, erməni prezidentinin Gürcüstana tələsik səfərinin məqsədi buradan tranzit yolla öz ölkəsinə ötürüləcək qaz danışıqlarını dəqiqləşdirməkdir. Onun bu məsələdə Bidzina İvanişvili ilə görüşməsi də təsadüfi deyil. Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan İvanişvili hazırda heç bir vəzifə sahibi olmasa da, hələ də ölkədə qeyri-rəsmi söz sahibi hesab olunur.

Bidzina İvanişvili (ön sırada, solda), Serj Sarkisyan (ön sırada, ortada) və həyat yoldaşı Rita Sarkisyan
Gürcü milyarder İvanişvili SOCAR-la münasibətlərinin yaxşı olduğunu, Azərbaycan qazının ucuz olduğunu etiraf etsə də, ölkəsinin "Qazprom"la danışıqlarını, Ermənistana Rusiya qazının ötürülməsini dəstəklədiyini, hətta bu sahədə İranla danışıqların əhəmiyyətli olduğunu da vurğulamışdı.
Halbuki Azərbayacan Dövlət Neft Şirkəti (ARDNŞ - SOCAR) Gürcüstandanı,həmçinin bütün dini ibadət yerlərini, o cümlədən erməni kilsələrini də qazla təmin edəcəyini və bütün xərcləri şirkətin ödəyəcəyini bildirib. Həmin razılaşmanın vaxtı bu il noyabrın 1-də bitsə də, SOCAR müqavilənin vaxtını bu ilin sonuna - dekabrın 31-dək uzadıb.
"SOCAR Georgia"nın baş direktoru Mahir Məmmədov çıxışlarının birində qeyd edib ki, ARDNŞ hər gün Gürcüstana 5 milyon kub metr, Şahdəniz yatağından isə 1 milyon kub metr qaz ötürür.
Düzdür, Gürcüstanın energetika naziri Kaxa Kaladze isə öz növbəsində "Qazprom"la danışıqlarda qeyri-adi bir şeyin olmadığını bildirib. O, bu danışıqların sırf kommersiya maraqları ilə bağlı olduğunu bildirib.
Çünki Gürcüstan öz ölkəsindən tranzit yolla Ermənistana ötürülən Rusiya qazının ümumi həcmindən 10 faiz qazanc əldə edir. Bu səbəbdən də ötürülən qazın həcminin artırılması üçün "Qazprom"la danışıqlar aparacağını bildirib. Bundan başqa, eyni məqsədlə İranla müzakirələr aparmaq niyyətində olduqlarını da qeyd edib.

Kaxa Kaladze - Gürcüstanın enegetika naziri
Lakin, bununla belə, keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynlinin fikrincə, Gürcüstanda baş verən bütün bu proseslər siyasi mahiyyət daşıyır və Bidzina İvanişvilinin mənafelərinə uyğun olaraq aparılır.
"Gürcüstanı faktiki olaraq idarə edən Bidzina İvanişvilidir. O, prezidentə, baş nazirə istədiyi göstərişi verir və ölkənin "boz kardinalı"dır. İvanişvili eyni zamanda "Qazprom"un səhmdarlarından biridir. Hazırda Gürcüstanda gedən proseslər də məhz Bidzina İvanişvilinin şəxsi mənfəətinə hesablanmış hərəkətlərdir", - deyən Qabil Hüseynli bu işlərdə Rusiyanın da mənafeyinin olduğunu bildirib.
"Bu saat Gürcüstanda aparılan oyunlar Rusiyanın göstərişi ilədir. Məqsəd İran qazının bu bölgəyə gətirilməsi və Azərbaycan qazının prestijinin aşağı salınmasıdır. Bu, təhlükəli oyundur. Bidzina İvanişvili və energetika naziri hiyləgər oyun apararaq Gürcüstanda Azərbaycana alternativ qaz mənbəyi axtarmaq istəyirlər ki, bu da Rusiyadır. Onlar Rusiya qazının Ermənistana ötürülməsi və buradan tranzit ölkə olaraq əldə etdikləri qazancı qabartsalar da, əsas məqsədləri İran qazının Ermənistana ötürülməsinə nail olmaqdır. Çünki İran qazı Rusiyaya nisbətən xeyli ucuzdur", - deyən Qabil Hüseynli əlavə edib ki, gec-tez Gürcüstanda Bidzina İvanişvilinin hakimiyyəti sona çatacaq.
Politoloq əlavə edib ki, Gürcüstanda baş verən son proseslər ölkədə Qərblə Rusiyanın maraqlarının yenidən toqquşmasına səbəb ola bilər. Bu zaman qonşu ölkədə 2008-ci il Gürcüstan-Rusiya müharibəsi kimi ağır nəticələrə, ölkənin parçalanmasına səbəb ola bilər.

Qabil Hüseynli - keçmiş dövlət müşaviri
Beləliklə, Gürcüstan hakimiyyəti ölkənin yenidən gərgin hadisələrin burulğanına sürükləyir. Son zamanlar Qərbin dəstəklədiyi Mixail Saakaşvilinin Gürcüstanda adının tez-tez hallanması müşahidə edilir. Bu da onu göstərir ki, Qərb Saakaşvil tərəflərinə qarşı müəyyən addımlar atır. Nəticədə Gürcüstan yeni revanşizm təlatümə doğru çəkilir. Bu zaman isə tək Gürcüstan deyil, Azərbaycan iqtisadiyyatı da zərər çəkə bilər.