• Dünya
  • 25-01-2016, 16:54
  • 218Oxunub

Bu oyunu da uduzdu

{title

ABŞ və Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi embarqolarla sanksiyaları aradan qaldırmasına ən sürətli, "çevik" reaksiya verənlərdən biri Ermənistan oldu.

Ermənilər cənub qonşuları ilə əlaqələri möhkəmləndirmək və inkişaf etdirmək adı ilə böhrandan qurtula bilməyən iqtisadiyyatlarını xilas etməyə, səfillikdən qurtulmağa çalışırlar.

Təbii, İranla ticari və iqtisadi təmasların aktivləşdirilməsi Ermənistan üçün, xüsusilə də bu ölkənin prezidenti Serj Sarkisyan üçün bir şansdır. Fəqət, Yerevanın yaranmış imkanlardan yararlanmaq şansının özü mübahisəli məsələdir.

Ermənistan ötən il Avropa Birliyi ilə assosiativ sazişi imzamaya bilərdi, daha sonra AB ilə azad və genişmiqyaslı ticari anlaşmadan yararlanardı. Lakin bəlli, rəsmi Yerevan son anda sazişi imzalamaqdan boyun qaçırdı.

Yerevanın siyasi və diplomatik fiaskosu ötən ilin sentyabrın 3-də yaşanmışdı.

Erməni siyasətçilərin özləri də etiraf edirlər ki, ölkə prezidenti Serj Sarkisyan Rusiyadan aldığı təlimatlar və göstərişlərdən kənara çıxa bilmədi. Bu isə Ermənistanı beynəlxalq arenada həddən artıq aşağılayıcı duruma saldı.

Sarkisyan İranın prezidenti Həsən Ruhani ilə danışıqlar apararaq yeni imkanlardan yararlanmaq istəyini dilə gətirib, hətta bunu təvəqqe də edib. Onun dediyinə görə, Ermənistanla İran arasındakı əlaqələrin inkişafı bəyanatlar və açıqlamalardan artıq konkret işlərə çevrilməlidir.

İrana qarşı tətbiq olunan sanksiyalar rejimi indiyədək Ermənistan üçün Tehranla münasibətlərdə heç də pis olmayan fürsətləri formalaşdırmışdı. Qərbə çıxışı olmayan İranın hakimiyyət dairələri Rusiya ilə ticari marşrutlardan biri qismində Ermənistanı nəzərdən keçirməklə yanaşı, faktiki blokada şəraitində məhz "erməni istiqaməti"nin qismən effektiv olacağını düşünürdülər.

Lakin Tehranın ümidləri doğrulmadı və iranlılar bunu 4 il əvvəl anladılar. O zaman ki, Ermənistanla birgə layihələrin hamısını Yerevan "ən qısa müddətdə reallaşdırmağı" vəd etsə də, sonradan Rusiya işə qarışdı və Tehran əmin oldu ki, Ermənistanla nəyisə müzakirə etməzdən əvvəl bu ölkənin "hami"si, əslində isə metropoliyası olan Rusiyadan rüsxət almaq gərəkdir.

Tehran son illərdə Ermənistanla təmaslarda praktiki təşəbbüsləri arxa plana keçirərək bəyanatlarla və şüarçılıqda kifayətlənməyə üz tutub.

Nədən ki, İran onu maraqlandıran bir suala cavab arayır: "Tehranla münasibətlərdə Yerevanın müstəqillik dərəcəsi nə qədərdir və Moskvanın hadisələrə təsir imkanları hansı səviyyədədəir?"

Ermənistanın Avropa Birliyi ilə assosiativ əməkdaşlıq sazişini son anda rədd etməsini praktiki olaraq bütün Qərblə kəskin qarşıdurmaya düşmüş Rusiya ilə münasibətləri korlamaq qorxusu ilə izah etmək olardısa, İranla təmasların Moskvanın nəzarətinə keçməsini Tehran anlamır.

İran Qərb deyil, amma Rusiya dərk edir ki, Yerevanın Tehranla münasibətləri perspektivlər baxımından Moskva üçün əlverişli deyil. Səbəb, İranla əlaqələrin yarada biləcəyi iqtisadi alternativlərin Ermənistan üçün siyasi müstəqilliklə nəticələnə bilməsidir.

Ona görə də Serj Sarkisyan Tehrana istədiyi qədər səfərlər edə bilər, İrana vədlər verər, hətta vədlər də eşidə bilər. Amma belə münasibətlərin aktivləşməsi Rusiyanın maraqlarına zidd olduğu üçün Moskvanın işə qarışacağı, daha doğrusu artıq qarışdığı şübhəsizdir.

Özü də budəfəki təzyiq Ermənistanın Avropa Birliyi ilə assosiativ saziş imzalamağa hazırlaşdığı dönəmdəki pressinqdən daha sərt ola bilər.

Ermənistanın İranla əlaqələri daha da aktivləşdirmək və dərinləşdirmək istəyi artarsa, Yerevanı yeni 3 sentyabr, yeni rüsvayçılıq, köləliyinin yeni sübutu gözləyir.

42-ciparalel.az