Kərkükdə kütləvi dəfn (VİDEO)

Avropa yolunda ölən miqrantlarIn meyitləri vətənlərinə gətirilib.
İraqlı miqrantlarIn meyitləri öz vətənlərinə gətirilib. Bu miqrantlar Avropa ölkələrinə keçərkən baş verən qəza zamanı dünyalarını dəyişiblər.
42-ciparalel.az-ın məlumatına görə, Türkiyə sahilləri yaxınlığında qəzaya uğrayan qayıqda 6 nəfər İraq sakininin həlak olduğu müəyyənləşdirilib. Meyitlərin 6-sı da İraqa gətirilib. Egey dənizində qəza nəticəsində həyatını itirən iraqlı miqrantların dəfn mərasimləri Kərkükdə baş tutacaq.
Ümumiyyətlə son iki ildə Şimali İraqdan 300-dən çox adamın qaçqın qismində Avropaya keçməyə cəhd etdiyi deyilir. Onlardan 80 nəfəri müxtəlif qəzalar zamanı dünyasını dəyişib.
İki gün ərzində isə Egey dənizində baş verən müxtəlif qəzalarda 60-dan çox miqrant həlak olub ki, onlardan da böyük əksəriyyətinin Şimali İraq sakinləridi.
Fransada isə Kale şəhər limanını mühacirlər zəbt edib. Təxminən, 50 mühacir Danimarka şirkətinə məxsus olan bərə gəmisinə soxulub. Vəziyyətlə əlaqədar limanın fəaliyyəti dayandırılıb. Təhlükəsizlik qüvvələri də hadisə yerinə gəliblər. Bir qədər sonra polis mühacirləri düşərgəyə geri qaytarmağa nail olub. Limanda stabil rejim bərpa olunub.
Hadisədən bir qədər sonra Kale şəhərində mühacirlərin lehinə aksiyalar keçirilib. Aksiyada fəallar "mühacirlər xoş gəliblər” şüarları ilə çıxış ediblər.
Eyni zamanda, Yunanıstanda mühacirlərə dəstək şüarı altında nümayişlər baş tutub. Fəallar hökuməti Türkiyə ilə sərhədləri açmağa və mühacirləri ölkəyə buraxmağa çağırıblar. Bu arada təkcə ötən il Yunanıstan adaları 850 mindən çox mühacir qəbul edib.