Bankların dirçəlişinə dövlətdən dəstək

Hökumətin beynəlxalq qurumlardan cəlb etmək istədiyi milyardlıq vəsaitlər bu istiqamətə yönələ bilər.
Hökumətin Beynəlxalq Valyuta Fondundan (BVF) almaq istədiyi 3 milyard dollar bank sisteminin dəstəklənməsinə yönəldilə bilər. 42-ciparalel.az məlumatına görə, bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) rəhbəri, iqtisadçı alim Azər Mehdiyev Azərbaycanın BVF və Dünya Bankından (DB) 4 milyard dollar istəməsi barədə "Financial Times” qəzeti tərəfindən yayılmış məlumatları şərh edərkən bildirib. Qəzetin yazdığına görə, Azərbaycan BVF-dən 3 milyard dollar texniki yardım və DB-dən 1 milyard dollar kredit istəyir. "Financial Times” həm də onu bildirib ki, BVF-nin missiyası yanvarın 28-dən fevralın 4-ə kimi Bakıda olacaq və Azərbaycan hökuməti ilə bu barədə danışıqlar aparacaq. Texniki yardım üzrə danışıqlar alınarsa, bu, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması üzündən əziyyət çəkən ölkələrə ilk maliyyə yardımı paketi olacaq.

Azər Mehdiyev - İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri
Dünya Bankının mətubat katibliyindən bildirilib ki, DB və BVF neftin qiyməti aşağı olması və yerli valyutaya təzyiqlərlə bağlı uzun müddətli və təcili tədbirləri müzakirə etmək üçün Azərbaycan hökuməti ilə fəal dialoq aparır: "Dünya Bankı büdcəyə dəstək də daxil olmaqla Azərbaycana lazımi yardımı göstərməyə hazırdır".
İqtisadçı alim Azər Mehdiyev 42-ciparalel.az-a müsahibəsində DB-dən götürülməsi nəzərdə tutulan 1 milyard dollar kreditin institusional islahatlara sərf edilə biləcəyini vurğulayır: "Azərbaycan səhiyyə sahəsində islahatlar aparmaq istəyir. Bununla bağlı bir müddətdir ki, DB ilə danışıqlar aparır. Ola bilsin ki, islahat aparılan sahələrdən biri səhiyyə olsun”. Bu, DB-nin fəaliyət istiqamətlərinə uyğun gəlir. Bankın kreditləri əsasən iki istiqamətə - inkişaf məqsədli kreditlərə və investisiya kreditlərinə yönəldilir. İnkişaf məqsədli kreditlər məhz siyasi və institusional islahatlar üçün verilir. Sabiq maliyyə naziri professor Fikrət Yusifov isə 42-ciparalel.az-a müsahibəsində diqqəti investisiya layihələrinə yönəldir: "Beynəlxalq maliyyə qurumlarından alınacaq kreditlər nəticə etibarı ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafına xidmət etməlidir. Bunu kreditləri büdcə kəsirinin örtülməsinə yönəltmək qaydasında büdcə vasitəsilə də, özəl layihələri birbaşa maliyyələşdirmək yolu ilə də gerçəkləşdirmək mümkündür. Hər iki halda söhbət Azərbaycan iqtisadiyyatının real sektorunun inkişafını təmin edəcək tədbirlərdən gedir”.

Fikrət Yusifov - keçmiş maliyyə naziri
Hökumətdəki mənbənin 42-ciparalel.az-a verdiyi məlumata görə, hazırda BVF missiyası ilə ilkin danışıqlar gedir. Missiya günorta saatlarında Maliyyə Nazirliyində olub, daha sonra İqtisadiyyat Nazirliyinə yola düşüb. BVF missiyası həmçinin Azərbaycan Mərkəzi Bankında da görüşlər keçirməlidir. Təbii ki, missiya vəziyyəti öyrəndikdən sonra öz şərtlərini diqtə eləməlidir. Azərbaycan da bu şərtlər qarşısında öz şərtlərini irəli sürməlidir. Sonda ümumi razılaşma əsasında kredit şərtləri və götürüləcək məbləğ müəyyən ediləcək. "Hesab etmirəm ki, Azərbaycan hökuməti beynəlxalq maliyyə qurumlarının təklif edəcəyi kreditlər üzrə bütün şərtləri qəbul edəcək qədər çıxılmaz durumdadır. Azərbaycan kredit götürərsə, bunu yalnız onu qane edəcək şərtlər daxilində edə bilər”,- deyə Fikrət Yüsifov vurğulayır. Azərbaycanın Dünya Bankı qarşısında öhdəlikləri (milyon dollar)

Mənbə:Dünya Bankı
BVF və DB-nin verdiyi kreditlərin dərəcəsi həddindən aşağıdır. Bəzi hallarda 0-a bərabərdir. 1944-cü ildə eyni vaxta yaradılmış hər iki qurum İkinci Dünya müharibəsindən sonra Qərbi Avropa dövlətlərinin bərpasında fəal əməkdaşlıq edib. 1968-1980-ci illərdə hər iki qurumun fəaliyyəti inkişaf etməkdə olan ölkələrə yardıma yönəlib. Azərbaycan hələ müstəqilliyinin ilk illərindən bu beynəlxalq qurumlarla işləyir.İndiyə kimi hər iki qurumla birgə onlarla layihə gerçəkləşdirilib. İndi Azərbaycanın maliyyə sistemi neft qiymətlərinin kəskin azalması üzündən ciddi təzyiqlərlə üz-üzədir və bu beynəlxalq qurumların dəstəyi həmin təzyiqləri yumşalda bilər.
42-ciparalel.az