Dərmanlarda "Made in Azerbaijan" brendi

{title

Artıq bununla bağlı Nazirlər Kabineti xarici şirkətlərlə danışıqlıqlar aparır.
 
Azərbaycanda dərman istehsalı yaxın gələcəkdə genişləndirilə bilər. 42-ciparalel.az-ın məlumatına görə, bu barədə ölkə başçısı İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edərkən bildirib. Onun sözlərinə görə, dərman Azərbaycanda istehsal olunmalıdır. "Niyə biz özümüz-özümüzü dərmanla təmin edə bilmirik? Etməliyik", - deyə prezident vurğulayıb. 


İlham Əliyevin konfransdakı çıxışı
Bundan əvvəl isə 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən iclasda İlham Əliyev dərmanların qiymətinin süni şəkildə artırıldığını qeyd edərək, qiymətlərin kəskin aşağı salınmasını tapşırıb. Ölkə başçısının da dediyi kimi, Azərbaycanda dərman istehsalı çox vacib bir məsələdir. Bəs, görəsən, ölkəmizdə dərman istehsalı üçün istər kadr baxımından, istərsə də xammal potensialı baxımından hər cür şərait varmı? Axı, respublikamız dərman istehsal etmək üçün kifayət qədər zəngin floraya malikdir. 



Millət vəkili Musa Quliyev deyir ki, Azərbaycanda dərman istehsalı üçün kifayət qədər potensial olsa da bu sahədə geniş təcrübəmiz yoxdur. Ona görə də xarici ölkələrin təcrübəsindən yararlanmaq lazımdır."Sovet dövründə Nefçalada yod istehsal edən zavod olub, hansı ki, indi də mövcuddur, həmin dövrdə bütün yodla bağlı ehtiyatlarımızı ödəyib. Nazirlər Kabineti bu işlə məşğuldur. Artıq bir neçə dünya dərman şirkətləri ilə də danışıqlar gedir. Buna görə də ilkin olaraq, müştərək xarici dərman firmaları ilə əlaqələr quraraq müəssisə yaratmaq olar. Bu yolla gələcəkdə Azərbaycanın özünün də tədricən dərman istehsalı üzrə praktikası formalaşacaq", - deyə millət vəkili vurğuladı.Bununla yanaşı dərman istehsalı üçün ölkəyə gətiriləcək avadanlıqlardan istifadə edə biləcək mütəxəssilər yetişdirilməlidir. Onlar bu sahədə bilik və təcrübələrini artırmalıdırlar.Musa Quliyev onu da əlavə etdi ki, belə bir addım nəticəsində həm işçi yerləri açılar, həm də dərmanların qiyməti ucuzlaşar. 


Musa Quliyev - millət vəkili
Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, hazırda ölkəmizdə yalnız 100 adda dərman istehsal olunur. Bu da daha çox tərkibi sadə olan antibiotik və məlhəmlərdir.Xarici ölkələrin çoxu özü dərman istehsal edir. Məsələn qonşu Gürcüstanda 5, Ermənistanda 3 dərman zavodu var. Bununla onlar nəinki öz yerli əhalisini ucuz dərmanla təmin edir, eyni zamanda, xaricə də dərman satmaqla, ölkəyə valyuta gətirmiş edir. Azərbaycan hazırda dərman vasitlərinin çox hissəsini qonşu Rusiya, Ukrayna və digər ölkələrdən idxal edir.



Əgər dərmanlar ölkəmizdə istehsal olunmağa başlasa, bu, əhalinin dərmana olan təlabatını daha tez ödənilməsinə şərait yaradar. Həm də Azərbaycanda yerli dərman istehsalı dərmanın maya dəyərinin aşağı düşməsinə səbəb ola biləcək.Çünki dərmanları xaricdən idxalı baha başa gəlir. Amma son illər Azərbaycanda dərman sənayesinin inkişafı istiqamətində bir sıra addımlar atılmağa başlayıb. Ona görə də yaxın zamanlarda dərman istehsalı və əhalinin tələbatının ödənilməsi istiqamətində müsbət dəyişiklilərinin olacağı gözlənilir.
 
42-ciparalel.az