Azərbaycanlıların xərc siyasəti

Maddi gəlirləri azaldıqca, vətəndaşların pul xərclədiyi sahələrin sayı da artıb.
2015-ci ildə baş verən iki devalvasiya, xüsusən ikinci iqtisadi proses ölkədə əhalinin gəlirlərini olduğu kimi xərclərinin istiqamətini də dəyişdi. 42-ciparalel.az-ın məlumatına görə, milli valyutanın dəyərdən düşməsi və əsasən ərzaq sektorunda qiymətlərin bahalaşmasından sonra vətəndaşların bir sıra sahələrə marağı kəskin şəkildə azalıb. Apardığımız kiçik araşdırma nəticəsində əhalinin puluna qənaət edərək ən az xərclədiyi istiqamətləri müəyyənləşdirməyə çalışdıq. İndi əksər vətəndaşlar qazandığı pulu yalnız vacib qida məhsularına xərclədiyindən, ilk növbədə geyim, aksesuar və kosmetik məhsullara maraq xeyli dərəcədə azalıb. Bu baxımdan hələ ötən ilin əvvəlindəki devalvasiyadan sonra gəlirləri azalan paytaxtdakı bəzi geyim dükanlarının bağlanmasının şahidi olduqsa, ilin sonundakı devalvasiya bağlanan dükanların sayının xeyli artmasına səbəb oldu. Həmçinin tikinti, məişət avadanlıqları mağazaları da bağlanan obyektlər sırasındadır. Çünki indi təmir-tikinti işlərinə, eləcə də yeni texniki avadanlıqlara vətəndaşlar pul xərcləmirlər. İqtisad Universitetinin müəllimi, iqtisadçı Elxan Vəliyev isə araşdırmalarına əsasən vətəndaşların xərclərini azaltdığı sahələr sırasında turizm və xaricdə təhsil sektorunu vurğulayır. Onun sözlərinə görə, manatın dollara nəzərən xeyli ucuzlaşmasından sonra insanlar indi istirahətə pul ayırmaqdan imtina edir. Xaricdə ali təhsil almaq istəyində olanlar da maddiyyatı əsas tutub hələlik bu istəklərini boğmağa çalışır: "Son iqtisadi proseslərdən sonra xüsusən turizm və xaricdə təhsil üzrə işləyən şirkətlərin fəaliyyəti donmağa başlayıb. Bu sahədə əməliyyatlar 2-3 dəfə aşağı düşüb. Bu da ondan irəli gəlir ki, insanlar hələ gözləmə mövqeyi tutur, onlar ərzaq sektorunu çıxmaqla, ikinci dərəcəli sahələrə pul xərcləmək istəmirlər”, - deyə Elxan Vəliyev vurğulayır.

Elxan Vəliyev - İqtisadçı
Əlaqə saxladığımız bir neçə turizm agentliklərindən də son vaxtlar insanların istirahətə pul ayırmadıqlarını təsdiqlədilər. Bu baxımdan həm ölkə daxilindəki istirahət məkanlarına, həm də xarici ölkələrə üz tutmaq istəyənlər yox dərəcəsindədir.

Paytaxtdakı bir neçə şadlıq sarayının nümayəndələri ilə söhbətdən məlum oldu ki, toy-nişan edənlərin sayı da xeyli azalıb. Sorğumuza cavab verən şadlıq saraylarından birinin administratoru ötən ilin müvafiq dövrü ilə müqayisədə toyların sayının yarıbayarı azaldığını dedi. Vəziyyətin mürəkkəbliyi insanları hətta xeyir işlərini müəyyən müddətədək təxirə salmağa vadar edib. Qənaət istəyi vətəndaşlarımızın özünəbaxımlılığına da təsirsiz ötüşməyib. Xüsusən xanımların ən çox baş çəkdiyi gözəllik salonları indi müştəri sarıdan korluq çəkir. Əlaqə saxladığımız gözəllik salonlarının nümayəndələri də bildirdi ki, iqtisadi vəziyyət onların da işini əziyyətə salıb, indi tək-tük insanlar salonlara üz tutur ki, onlar da ən vacib hallar üçün, yəni yaxınlarının toy mərasiminə, hansısa məclislərə getdikləri üçün müraciət edirlər. Puluna qənaət etmək istəyən vətəndaşlarımız hətta psixoloji durumlarını da özbaşına tənzimləməyə çalışır. Belə ki, əvvəllər bəzi məsələlərdə psixoloq yardımına ehtiyac duyanlar indi maddi vəziyyətlə əlaqədar bu vəzifəni öz üzərinə götürməyi düşünür. Psixoloq Vəfa Əkbər də müraciətlərin əhəmiyyətli dərəcədə azaldığını bildirərək bunu birbaşa gəlirlərin azalması ilə izah edir: "Təbii ki, maddi imkan səbəbindən insanlar indi daha çox ərzaq yükünü azaltmağa çalışır. Bu baxımdan psixoloqa pul xərcləmək onlar üçün çətindir. Bizdə əvvəlki standart qiymətlər olsa belə, bu, gəliri azalan insanlara böyük rəqəm kimi görünür”.

Vəfa Əkbər - Psixoloq
Qeyd etdiklərimizə əsasən, yekun olaraq son vaxtlar ölkə əhalisinin xərclərini azaltdığı sahələr üzrə aşağıdakı məşğuliyyət növlərini təxirə saldığı qənaətinə gəlmək olar.

Əhalinin pula qənaət edərək imtina etdiyi məşğuliyyət sahələri
Analoji vəziyyət devalvasiya ilə üzləşən qonşu ölkələrdə də hökm sürür. Rusiyada aparılan sosioloji sorğuya görə, 2015-ci ilin oktyabr-dekabr aylarında əhalinin 44 faizi əsasən endirimlər edilən ərzaq mağazalarına üz tutub. Ruslar da qənaət məqsədilə bahalı məhsullardan, delikateslərdən imtina etməli olub. Sorğuda iştirak edən Rusiya vətəndaşlarının 48 faizi istirahət üçün səyahətlərini təxirə salmalı olduqlarını bildirib. 2015-ci ilin nəticələrinə görə, Rusiyada əhalinin 49 faizinin maddi vəziyyəti pisləşib. Beləliklə, hər bir ölkədə baş verən iqtisadi proseslər birbaşa insanların yaşamına, maraqlarına və məşğuliyyətinə təsir edir. Gəlir azalıb xərclər çoxaldıqda isə hər kəs öz ilkin tələbatını ödəmək üçun pul xərcləyir. Varlı-kasıblılığından asılı olmayaraq, belə dönəmdə qənaət etmək, sabahkı günü düşünmək üçün xərclərə nəzarət vacib amil sayılır.
42-ciparalel.az