Azərbaycanda pul qoymaq üçün ən real sahələr

{title

Azərbaycan bu sahələrdən böyük gəlirlər əldə edə bilər.
 
Portfel sərmayələrin inkişaf etməkdə olan ölkələri tərk etməsinə baxmayaraq Azərbaycanın qeyri-neft sektorunda xarici sərmayə cəlbi baxımından əlverişli dəyişikliklər baş verə bilər. 
42-ciparalel.az-ın məlumatına görə, beynəlxalq maliyyə qrupları tərəfindən əsasən fond bazarlarında akitivlərin ticarəti üçün nəzərdə tutulmuş bu sərmayələrin axınında bu trend barədə"Bloomberg" agentliyi hesabat hazırlayıb. Hesabata görə, 2015-ci ildə 735 milyard dollar vəsait inkişaf etməkdə olan ölkələri tərk edib və bu, son 15 il üçün ən yüksək göstəricidir. "Bloomberg" 2016-cı ildə investorların bu bazarlardan daha 448 milyard dollar çıxaracağını proqnozlaşdırır. 
Son illərdə dünya üzrə sərmayələrin azalması (milyard dollar)


Azərbaycanın daxil olduğu postsovet ölkələr də inkişaf etməkdə olan ölkələr sırasına aiddir. Bu baxımdan Azərbaycanın 2016-cı ilin əvvəlində qeyri-neft sektorlarına sərmayə cəlbi ilə bağlı anons etdiyi niyyətinin uğursuzluqla nəticələnə biləcəyini düşünmək olar. Amma elə postsovet məkanının təcrübəsi göstərir ki, keçid iqtisadiyyatlı ölkələrdə baş verən proseslər heç də inkişaf etməkdə olan ölkələrlə üst-üstə düşməyə bilər. 2008-ci il böhranı zamanı Özbəkistan iqtisadiyyatına yatırımların artması buna bariz misaldır. 
Əgər 2000-2005-ci illərdə Özbəkistan iqtisadiyyatına ildə orta hesabla 112 milyon dollar sərmayə yatırılırdısa, 2008-ci ildə başlayan böhrandan sonra bu, 700 milyon dolları keçib. Hazırda isə illik göstərici 1,2 milyon dollar ətrafında dəyişir. Bu arqument neftdən kənar sektora sərmayələr cəlbi barədə anonslar vermiş Azərbaycana da ümidlər verir. Düzdür, sözügedən müddətdə Azərbaycana yatırılan sərmayələr Özbəkistanın yatırılandan xeyli çox olub. Amma Azərbaycanda vəsaitlərin əksəriyyəti neft sektoru üçün nəzərdə tutulub, Özbəkistanda isə xarici sərmayələr konkret olaraq qeyri-neft sektoruna yönəldilib. 
Son bir neçə ildə Azərbaycana və Özbəkistana yatırılan xarici sərmayələr 


Bu illər ərzində Özbəkistan pambıq emalı və toxuculuq, dərman istehsalı sahələrini tamamilə sıfırdan qurub. Bunun üçün ölkəyə yüzlərlə xarici şirkət cəlb edilib. Dünya bazarında Özbəkistan toxuculuq məhsulları bazarında Çin və Türkiyə məhsulları ilə rəqabətə aparmağa başlayıb. 
Düşünmək olar ki, Azərbaycan da Özbəkistanın yolu ilə gedə bilər və qeyri-neft sektorunu, xüsusilə də inkişaf üçün hər cür imkanın olduğu aqrar və yüngül sənaye sektorlarını inkişaf etdirə bilər. Ancaq İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov ANS PRESS-ə müsahibəsində ölkə hökumətinə bu addımdan əvvəl bir sıra islahatlar aparmağı məsləhət görüb:
"Əslində, biz xarici sərmayəsiz də aqrar sektora lazımi qədər vəsait yatıra bilərik. Dövlət Neft Fondunda 35 milyard dollara yaxın ehtiyatımız var. Amma bundan əvvəl bir sıra islahatlar aparılmalıdır ki, yatırılan sərmayələr nəticə versin. Ötən il aqrar sektora 600 milyon manata yaxın vəsait xərclənib, amma görürsüz ki, ciddi nəticə əldə olunmayıb”. 
Aqrar ekspert ilk öncə institutsional islahatlar aparılmasını vacib sayır. Onun fikrincə, aqrar sektorla bağlı qurumlar - Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, torpaq və meliorasiya ilə bağlı dövlət qurmları bir dam altında birləşdirilərək Kənd Təsərrüfatı və Ekologiya Nazirliyi yaradılmalıdır: "Azərbaycanın kənd təsərrüfatına yararlı torpaq sahələrinin 20 faizi - 1 milyon hektar torpaq şoranlaşaraq dövriyyədən çıxır, ilk növbədə həmin torpaqları bərpa edərək istehsalı təmin etmək lazımdır. Ölkədə aqrar istehsal üçün yararlı torpaqlar cəmi 4,4 milyon hektardır. Yeni qurum həm də sərmayə yatırmaq üçün rentabelli layihələri müəyyən etməlidir. Əks halda, indiki subsidiyalar kimi həmin vəsaitlər də boş yerə xərclənəcək”.

Vahid Məhərrəmov - İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti 
Vahid Məhərrəmovun fikrincə, bu məsələdə bələdiyyə torpaqlarını da unutmaq olmaz və onların bazasında iri aqrar komplekslər yaratmaq olar. Ekspertin dediklərini sadə hesablamalar da təsdiq edir: Azərbaycanda 4 mindən çox kənd var və orta hesabla hər kəndin bələdiyyə torpağında 100 inəkdən ibarət ferma yaradılsa, ildə 400 min son süd əldə etmək olar ki, bu da ölkənin xaricdən idxal etdiyi süd məhsullarını tam əvəz etməyə imkan yaradar. 
"Biz pambıqçılıqda da böyük uğurlar əldə edə bilərik, dünya bazarında təbii pambığa böyük ehtiyac var. Amma məsləhətli olar ki, Azərbaycanda istehsal edilən pambıq ölkə daxilində emal edilsin. Bu, regionlarda on minlərlə iş yeri deməkdir”,- deyə Vahid Məhərrəmov vurğulayır. 
Pambıq istehsalının bərpasında Özbəkistan böyük uğurlar əldə edib və 2015-ci ildə ölkədə 3,6 milyon ton pambıq yığılması barədə məlumat verib. Bu ölkədə yığılan pambığın 70 faizi ölkə daxilində emal edilir və dünya bazarına hazır toxuculuq məhsulu kimi çıxarılır. Özbəkistanın toxuculuq sahəsinə onlarla xarici şirkət sərmayə qoyub və ölkə rəhbərliyi xarici şirkətlərin özəlləşdirmədə iştirakına maksimum şərait yaradıb. 
Özbəkistanda xarici sərmayəçini cəlb etmək üçün böyük vergi güzəştləri tətbiq edilir. Nizamnamə kapitalının 30%-dən çoxu xarici sərmayə olan və nizamnamə kapitalı 150 min dollardan aşağı olmayan müəssisə xarici sərmayəli müəssisə sayılır, güzəştlər bu müssisələrə də şamil edilir. Yəni xarici vətəndaş 45 min dollar vəsaitlə Özbəkistanda müəssisə payçısı ola bilər. Prosedurlar da çox sadələşdirilib. Bunun üçün fond bazarından özəlləşdirilmiş müəssisənin səhmlərini almaq və ədliyyə nazirliyində qeydiyyatdan keçmək lazımdır. 

Bakıda fəaliyyətini dayandırmış zavod
Azərbaycan Özbəkistanın bu təcrübəsindən də yararlana bilər.Prezident İlham Əliyev də yanvarın 18-də iqtisadi məsələlərlə bağlı müşavirədə bu məsələyə toxunub. Onun sözlərinə görə, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıb: "Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var. Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir”. 
Prezident bildirib ki, bu müəssislərin iqtisadi həyata qaytarılması üçün bu işə beynəlxalq ekspertlər cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaradılmadır ki, onlar Azərbaycan iqtsadiyyatına vəsait qoysunlar. 
 
42-ciparalel.az