İlham Əliyev Həsən Ruhaniyə zəng edib

{title

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.
42-ciparalel.az-ın məlumatına görə dövlət başçısı İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran Prezidentinə və xalqına təbriklərini çatdırdı və uğurlar arzulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olub və bununla bağlı rəsmi açıqlamalar verib. Azərbaycan Prezidenti sanksiyaların götürülməsindən bir daha məmnunluğunu bildirdi.
İran Prezidenti Həsən Ruhani təbriklərinə və xoş sözlərinə görə dövlət başçısı İlham Əliyevə minnətdarlığını çatdırdı və əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı, enerji məsələləri, ölkələrimizin dəmir yollarının birləşdirilməsi, Astara-Astara dəmir yolu xəttinin çəkilişi, investisiya layihələrinin icrası və digər məsələləri müzakirə etdilər.
2014-cü ilin noyabrın 12-də İran Prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində Prezident İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Bu səfərin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə edilib.
Görüşdə ikitərəfli münasibətlərə, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıldı.


İlham Əliyev və Həsən Ruhani
 
42-ciparalel.az