Öldürücü «donuz qripi» Azərbaycana yayılıb?

{title

Səhiyyə Nazirliyi virusa yoluxma şübhəsi ilə 50 nəfərdən analizlər götürüldüyünü açıqladı
Azərbaycanın əksər qonşularında epidemiyadan ölənlərin sayı sürətlə artır

 

Qonşu ölkə Türkiyədə 463 nəfərdə H1N1 virusu ("donuz qripi") aşkarlanıb. Bizimyol.info Türkiyə  mətbuatına istinadən xəbər verir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, müayinə olunan 2905 xəstənin 463-nün "donuz qripi"nə yoluxduğu təsdiqlənib.

Qonşu ölkələrdə yenidən "donuz qripi"nin yayılması ölkəmizdə də insanlar arasında təlaş yaradıb. Uzun illərdən sonra yenidən qayıdan bu virus insanlığın sağlamlığını təhdid etməyə başlayıb. Bəs bu virus haqqında nə bilirik? Virus Azərbaycanda da yayılıbmı? Hansı profilaktik tədbirlər bu virusun qarşısını almağa qadirdir?

"İndiyə kimi "donuz qripi" şübhəsi ilə 50-dən artıq insandan qan nümunəsi götürülüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yoluxma halı aşkarlanmayıb. Bildirilib ki, səhiyyə müəssisələrində zəruri tədbirlər görülüb: "Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında müvafiq çarpayılar ayrılıb".

Qeyd olunub ki, səhiyyə naziri Oqtay Şirəliyev 08.12.2015-ci il tarixində Azərbaycanla həmsərhəd olan İranda "donuz qripi"nin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb: "Donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" imzalanmış əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə donuz qripi xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılmasının təminatı tapşırılır".

Nazirlik xatırladır ki, "donuz qripi" mövsümi qripdən daha ağır cərəyan edir. Hava-damcı yolu ilə yoluxan xəstəliyin intoksikasiya simptomları - qusma, ishal, güclü baş ağrısı ilə başlayır, yüksək hərarət, tənəffüsün çətinləşməsi, tənginəfəsliklə müşahidə olunur. Mövsümi qripdə ağırlaşma 10-15 gün keçdikdən sonra baş verdiyi halda bu virusda xəstəliyin 2-3-cü günlərində ağırlaşmalar müşahidə olunur. Həmçinin daxili orqanlar, xüsusən ağ ciyərlər zədələnir.

"Əhalidən xəstəliyin əlamətləri özünü biruzə verdiyi andan səhiyyə müəssisəsinə müraciət etmək, xüsusi qoruyucu maskalardan istifadə etmək, şəxsi gigiyenaya riayət etmək xahiş olunur. Vətəndaşlara epidemioloji vəziyyəti gərgin olan ölkələrə səfər etməmək, əhalinin kütləvi toplaşdığı - mədəni və digər tədbirlərdə iştirak etməməyi tövsiyə edilir", - deyə nazirlik bildirib.
Hərarəti olan və öskürən şəxslərlə təmasda olmamalı, tez-tez əllərini sabunla yumalı, sağlam həyat tərzi keçirməli, kifayət qədər yatmalı, yaxşı qidalanmalı və fiziki aktiv olmalıdır.

Xəstəliklə bağlı aparılan maarifləndirmə işləri

Səhiyyə Nazirliyi "donuz qripi"nə qarşı əhali arasında maarifləndirmə işini davam etdirir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu məqsədlə "donuz qripi"nə qarşı özünü qorumaq üçün əhalinin bilməsi zəruri olan tövsiyələri əks etdirən broşur hazırlanıb.
Bildirilir ki, "donuz qripi"nə qarşı qorunmaq üçün xəstə görünən, hərarəti olan və öskürən şəxslərlə təmasda olmamalı, tez-tez əllərini sabunla yumalı, sağlam həyat tərzi keçirməli, kifayət qədər yatmalı, yaxşı qidalanmalı və fiziki aktiv olmalıdır: "Evdə xəstəyə baxarkən xəstəni digər ailə üzvlərindən təcrid etmək (ən azı 1 metr məsafədə saxlamaq), xəstə ilə təmasda olarkən ağız və burunu maska ilə örtmək, xəstənin istifadə etdiyi məişət əşyalarını təmiz yumaq, xəstə ilə hər bir təmasdan sonra əlləri təmiz yumaq, xəstə olan otağın havasını mütəmadi olaraq dəyişmək, xəstənin olduğu mühiti kifayət qədər təmiz saxlamaq lazımdır". 

Broşurda o da qeyd olunub ki, əgər xəstədə hərarət, ümumi halsızlıq, öskürək və ya boğaz ağrısı olsa, mütləq evdə qalın işlədiyiniz yerə və ya təhsil müəssisəsinə getməkdən, habelə kütlə ilə təmasdan çəkinin, kifayət qədər istirahət edin və çoxlu miqdarda maye qəbul edin, öskürdükdə və ya asqırdıqda ağzınızı və burnunuzu birdəfəlik tənziflə örtün, silin və bu tənzifi ayrıca zibil qutusuna atın, mütəmadi olaraq, xüsusilə öskürdükdə və ya asqırdıqda əllərinizi sabunla təmiz yuyun, insanlarla təmasa girməmək üçün ailə üzvlərinizə və yaxınlarınıza xəstəliyiniz haqda məlumat verin: "Xəstəliyin ilk simptomları baş verdikdə sahə həkiminə evə çağırış edin. Ağır vəziyyətdə və ya işdən kənar vaxtda təcili tibbi yardıma müraciət edin".

Qonşu ölkələrdə donuz qripinə yoluxanlar...

Azərbaycan-İran sərhədinin Biləsuvar rayonu ərazisində yerləşən Qoşatəpə sərhəd-keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib. Bizimyol.info xəbər verir ki, buna səbəb Türkiyənin Adana əyalətində H1N1 virusuna (donuz qripi) yoluxduğu ehtimal olunan 3 nəfərin dünyasını dəyişməsidir. Məntəqəyə xüsusi həkim briqadaları cəlb olunub. Türkiyəyə məxsus yük maşınları məntəqəyə daxil olarkən həkim briqadaları tərəfindən yoxlanılır və zəruri dezinfeksiya tədbirlərindən sonra Azərbaycan ərazisinə buraxılır. 

Biləsuvar Rayon Baytarlıq İdarəsindən verilən məlumata görə, bayram günlərinə baxmayaraq, qurumun baytar briqadaları "donuz qripi" ilə əlaqədar sərhədyanı kəndlərdə dezinfeksiya işlərinə cəlb olunub. Vəziyyətin ciddiliyi nəzərə alınaraq ərazidə sahə baytar həkimlərindən ibarət növbətçilik sistemi yaradılıb. 

Qeyd edək ki, Qoşatəpə sərhəd-keçid məntəqəsində ölkə ərazisinə daxil olan bütün vətəndaşlar da müayinə olunur. Bu müayinələr təkcə "donuz qripi"nin deyil, digər yoluxucu xəstəliklərin qarşısını almaq məqsədi daşıyır.

Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, son 2 gündə ölkənin 35 vətəndaşında bu xəstəlik aşkar edilib. "Donuz qripi" aşkar edilən 35 nəfərdən beşi artıq infeksiyadan dünyasını dəyişib. İlin əvvəlindən bu günə kimi qonşu ölkədə təkcə bu qripdən ölənlərin sayı 13-ə çatıb. Artıq bununla bağlı Türkiyə Səhiyyə Nazirliyi həyəcan təbili çalır.

Ermənistanda da "donuz qripi" kimi tanınan H1N1 virusuna yoluxanların sayı artıb. Ölkənin baş infeksionisti Ara Asonyan mətbuata bildirib ki, son günlər 4 nəfər H1N1 virusundan dünyasını dəyişib. Ümumiyyətlə isə Ermənistan xəstəxanalarında "donuz qripi"nə yoluxmuş çoxlu sayda xəstə var. Onlardan 150-si uşaq, 120-si isə hamilə qadındır. Müalicə olunanların 8-i ağır vəziyyətdədir. Onlar süni nəfəs aparatına qoşulublar.

Rusiyanın Sankt-Peterburq şəhərində "donuz qripi"nə yoluxanların sayı kəskin artıb. Bizimyol.info TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şəhərin Səhiyyə Komitəsinin sədr müavini Tatyana Zasuxina bildirib. O deyib ki, yalnız Botkin adına klinik infeksion xəstəxanaya 537 nəfər kəskin respirator xəstəliklərlə bağlı müraciət edib. Onlardan 123-də H1N1 virusu aşkarlanıb. T. Zsuxina qeyd edib ki, "donuz qripi"nə yoluxma halı bu il ötən ilə nisbətən daha çoxdur: "Botkin adına xəstəxanada bu ilin əvvəlindən qrip virusu ilə 5 nəfər ölüb. Onlar digər ağır xəstəlikdən əziyyət çəkən insanlar olub".

Bu gün həmçinin Yekaterinburq şəhərində "donuz qripi"ndən bir nəfər ölüb. Həkimlər bildirir ki, 50 yaşlı bu şəxsin leykoz xəstəliyindən əziyyət çəkməsi ölümünü sürətləndirib. Daha bir nəfər isə eyni diaqnozla ağır vəziyyətdə xəstəxanadadır.

Sərhəd-buraxılış məntəqələri gücləndirilmiş iş rejiminə keçib

Türkiyədə qeydə alınmış "donuz qripi" təhlükəsi ilə bağlı Azərbaycanın gömrük keçid-məntəqələri gücləndirilmiş iş rejiminə keçib. Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev yanvarın 8-də Masallıda jurnalistlərə müsahibəsində bildirib.

A.Əliyev qeyd edib ki, istər "donuz qripi", istərsə də "quş qripi"nin əsas əlamətləri yüksək hərarətin olması ilə seçilir. Ona görə də bütün sərhəd-buraxılış keçid məntəqələri termoqurğularla təchiz olunub: "Sərhəd-buraxılış məntəqələrinə Dövlət Gömrük Komitəsinin tərkibində olan həkim briqadaları da cəlb edilib. Daim Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edirik. Yaxın zamanlarda nazirliyin təcrübəli həkimlərinin iştirakı ilə bizim tibb işçilərimiz üçün seminar-treninqlərin keçirilməsi də nəzərdə tutulub".

Adil Qeybulla: "İnfeksiya yerində lokallaşmasa böyük insan tələfatı ilə müşahidə olunacaq"

Tibb elmləri doktoru, professor Adil Qeybulla Bizimyol.info-ya açıqlamasında bildirdi ki, "donuz qripi" virusu 2008-ci ildə ilk dəfə Meksikada tapılıb: "Bu A H1N1 virusunun bir formasıdır. Hava damcı yolu ilə yoluxur və daha ağır fəsadlarla müşahidə olunur. Donuz qripi epidemiyasında adam başına düşən ölüm halları daha çox müşahidə olunur. Virusun illər sonra peyda olması xeyli narahatçılıq yaradır. Bu coğrafiyada artıq bir neçə ölkəni əhatə edibsə, artıq Dünya Səhiyyə Təşkilatı, beynəlxalq təşkilatlar, dövlətlər bu işə ciddi şəkildə yanaşıb, kömək etməlidirlər. İnfeksiya yerində lokallaşdırılmalıdır. Əks halda bu epidemiya böyük insan tələfatı ilə müşahidə olunacaq". 

Xəstəlik ilk dəfə 1930-cu ildə aşkar olunub

"Donuz qripi" - donuzların tənəffüs yolunda yaranan xəstəlikdir. Bu A qrupuna daxil olan virus hesab olunur və vaxtaşırı olaraq heyvanlarda aşkar olunur. İlk dəfə olaraq "donuz qripi" (A qrupuna aidH1N1 virusu) 1930-cu ildə donuzlarda aşkar olunub.

"Donuz qripi"nə daxil olan digər viruslar insanlarda xəstəlik törətmir. Lakin bir sıra ölkələrdə bu xəstəlikdən ölüm halı qeydə alınıb. H1N1 virusu 2009-2010-cu illərdə qrip epidemiyasına səbəb olub. Virus donuzlardan keçərək insanlar arasında yayıla bilər. Virusun yeni yaranmış forması, yəni "donuz qripi" 2009-cu ilin aprelində yayılmağa səbəb olub. Xəstəliyin yaranmasının ilk vaxtı kimi 18 mart  Mexiko şəhəri qeyd olunur.

Xəstəliyin əlamətləri - qaytarma, ishal, güclü baş ağrıları, yüksək hərarət, tənəffüs yollarında sıxılma, təngənəfəslikdir. Əgər mövsümlə əlaqədar xəsətliyin daha gərginləşmə halı 10-15 gündən sonra aşkarlanarsa, o zaman "donuz qripi"ndə bu, 2-3 gündən sonra özünü büruzə verəcək. Xəstəlik daxili orqanların, əsasən də ağciyərlərin zədələnməsinə səbəb olur. 
 
42-ciparalel.az