Səlim Müslümov sığorta ödənişlərinin verilmə şərtlərini açıqladı (VİDEO)

{title

Sığorta pulu bu ayın sonuna kimi veriləcək.
 
Günəşli yatağındakı qəzada həlak olan neftçilərə sığorta ödənişi 26 min manat və 92 min manat arasında dəyişəcək. 
Bunu 42-ciparalel.az-a eksklüziv açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib. Həmçinin nazir ödənişlərin kimlərə hansı şərtlər daxilində verilməsi mələsinə də aydınlıq gətirib.
Nazir qeyd edib ki, neftçilərin ailələrinə ödəniləcək sığorta ödənişlərinin verilməsi üçün işlər yekunlaşmaq üzrədir. Artıq onların ölümlərini təsdiq edən sənədlər hazırdır və təhqiqat işləri də başa çatmaq üzrədir. Bu ayın sonuna qədər sığorta şirkətləri, sığorta ödənişlərini həyata keçirəcək. 
Aparılan hesablamalara görə, təqribi sığorta ödənişi 26 min manatla 92 min manat arasında dəyişəcək. İtkin düşənlərlə bağlı qərar isə yalnız məhkəmənin verəcəyi hökmdən sonra məlum olacaq. 
Səlim Müslümov onu da qeyd edib ki, dekabrın 4-dən sonra 6 ay keçir. Əgər 6 aydan sonra neftçilər tapılmasa, onlar məhkəmə qərarı ilə itkin kimi adlandırılır. Bu qərar isə həm sığorta şirkətinə, həm də ƏSSM-ə göndərilir:
"Yox əgər sağ tapılarsa, ya da cəsədi aşkarlansa yenə təhqiqat işləri aparılacaq. Bundan sonra sığorta şirkətləri həmin pulu hesablayacaq”.
Qeyd edək ki, 10-cu platformada baş verən yanğın nəticəsində 10 nəfər həlak olmuş, 20 nəfər isə itkin düşmüş sayılır. İtkin düşənlərin axtarışları isə hələ də davam etdirilir. 
 
 
42-ciparalel.az