AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ

MÜSAHİBİMİZ: AZƏRBAYCAN ƏRAZİLƏRİNİ MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİYİN "ANAMA" BAŞ DİREKTORU NAZİM İSMAYILOVDUR.
-Nazim müəllim, ANAMA yarandığı vaxtdan indiyə qədər nə qədər ərazini minalardan təmizləmisiniz?
ANAMA yarandığı vaxtdan indiyədək cəmi 243,833,346 kvadrat metr ərazini mina və partlamamış hərbi sursatlardan (PHS) təmizləmişdir. Təmizləmə əməliyyatları zamanı tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 687,750-dir. Hal-hazırda Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Gəncə, Tərtər və Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.
- Hazırda hansı bölgələrimizdə potensial təhlükəli – minalanmış ərazilərimiz hələ də qalır?
Hal-hazırda potesial təhlükəli mina sahələri təmas xəttində hərbiçilərin nəzarəti altında olan arxa eşalon və neytral zonadır. Hərbi mövqeylərə yaxın yerli sakinlərə məxsus pay torpaqları hansı ki, təhlükəsizlik baxımından minatəmizləmə əməliyyatlarının aparılması mümkün deyil. Belə ərazilər Füzuli rayonu ərazisindən başlayaraq Ağdam, Ağcabədi, Tərtər, Goranboy, Göygöl, Tovuz və Qazax rayonlarını əhatə edir. Digər potensial mina və tərk edilmiş hərbi sursatlar təhlükəsi, keçmiş Sovet Ordusuna məxsus tərk edilmiş və dağılmış hərbi hissələr və poliqonların yerləşdiyi ərazilərdir. Belə ərazilər Respublikanın müxtəlif bölgələrini əhatə edir. Məsələn Ceyrançöl marşal poliqonu, Samux aviapoliqonu, Abşeron və Qaradağ rayonu ərazisindəki poliqonlar və hərbi sursatlar anbarları, Lənkəranda və Astara rayonlarında yerləşən hərbi hissələrin əraziləri və.s
-Bütün təhlükəsizlik tədbirlərinə, minalardan təmizləmə əməliyyatları keçirilsə də, ara-sıra mina partlayışları, bundan dolayı itkilərin statistikası artmaqdadır. Bunu nə ilə izah etmək olar?
ANAMA öz fəaliyyətinə başladığı gündən biz Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) fəaliyyəti üzrə strateji plan hazırlamış və həyata keçirməyə başlamışıq. Bu planın əsasını icma səviyyəli fəaliyyət və məktəb proqramı təşkil edir. Məktəb proqramı ilə bağlı ANAMA, UNİCEF və Respublika Təhsil Nazirliyi arasında 2004-cü ilin may ayında Anlaşma Memorandumu (AM) imzalanmışdır. Təhsil Naziri MTM-in cəbhəxətti və sərhədyanı rayon orta məktəblərinin tədris kursuna inteqrasiya edilməsi haqqında əmr vermişdir. Bizim mütəxəssislər tərəfindən hər rayon təhsil şöbəsindən bir nəfər olmaqla 26 təlimatçını təlim kursuna cəlb etmişik və onlara bu fəaliyyəti əlaqələndirmək üçün sertifikat verilmişdir. Bu fənn üzrə dərslər hal-hazırda, Naxçıvan MR-ın bütün məktəbləri daxil olmaqla, proqramın əhatə etdiyi 13 cəbhəxətti, sərhədyanı, o cümlədən tam işğal altında olan rayonların yerləşmiş məktəblərində tədris edilir. Hər il bu fənn üzrə orta məktəblərin 4 və 6-cı sinif şagirdlərinə (52 000 nəfər) həftədə 1 saat olmaqla dərslər keçilir. İndiyə kimi 24 rayonun 1 200 məktəbindən 3 140 müəllimə MTM üzrə təlim keçirilmişdir. ANAMA və Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən orta məktəblərin 4 və 6-cı sinif şagirdləri üçün 99 000 MTM üzrə dərslik və müəllimləri üçün 6 400 metodiki vəsait hazırlanaraq çap edilmiş və həmin rayon məktəblərinə paylanmışdır. MTM dərslərinin effektivliyini və ona şagirdlərin marağını artırmaq üçün əyani vəsait olaraq 20000 ədəd təlim plakatı hazırlanmış və nəzərdə tutulmuş məktəblərə paylanmışdır. Məhz bunun nəticəsidir ki, indi məktəblilər daha da ayıq- sayıq olmuş, onlar rast gəldikləri və tapdıqları partlamamış hərbi sursatlar (PHS) haqqında ANAMA, yerli hökumət orqanları nümayəndələrinə dərhal xəbər verirlər. Məhz bunun nəticəsində yüzlərlə mina və müharibədə partlamamış qalıqları (MPQ) tapılaraq əməkdaşlarımız tərəfindən zərərsizləşdirilmişdir. Daha doğrusu, əvvəlki illərə nisbətən məktəblilər arasında mina və MPQ hadisələrindən yaralanma və ölmə hadisələrinin sayı sıfıra enmişdir. Proqramımızın ikinci tərəfi isə icma səviyyəli işlərdir ki, buna kənd və qəsəbələrin ictimaiyyətçi, fəal nümayəndələri cəlb olunmuşlar. Nəzərdə tutulmuş hər rayonda 1 nəfər əlaqələndiricimiz fəaliyyət göstərir, onların hamısı "MTM üzrə Təlimatçı” kursunda iştirak etmiş və sertifikat almışlar. İndiyə kimi 10 cəbhəxətti və sərhədyanı rayonun 158 kəndində "MTM qrupları” təşkil etmişik, qrup üzvlərinin vəzifəsi əhali arasında maarifləndirmə işlərinin aparılmasından ibarətdir. Onlar hər ay fəaliyyətləri barədə ANAMA-nın müvafiq qurumuna hesabat göndərirlər. Mütəmadi olaraq yerlərdə həm rayon təhsil şöbələri və həm də MTM Qrup nümayəndələri maarifləndirmə materialları ilə təmin edilirlər. Təbliğatı daha da gücləndirmək məqsədilə 170 ədəd iri bilbord hazırlamış və proqramın əhatə etdiyi rayonların təhlükəli sayılan ərazilərində quraşdırmışıq. Mina və MPQ hadisələrinin qarşısını tam almaq mümkün deyildir. Belə ki, yerlərdə yaşayan əhali, xüsusən maldarlıqla məşğul olan təbəqə heyvanlarını otarmaq üçün təhlükəli sayılan ərazilərə daxil olurlar. Həmin yerlərdə nişanlar, bilbordlar quraşdırılmasına baxmayaraq , onlar otluq olan ərazilərə daxil olur və bu zaman xoşagəlməz təhlükəli hadisələr baş verir. Topladığımız statistika göstərir ki, əksər mina hadisələri hərbi birləşmələrin nəzarətində olan və giriş qadağan olan ərazilərdə baş verir. Zərərçəkənlərin əksəriyyəti isə hərbiçilər və yerli sakinlər olurlar. Əlavə olaraq qeyd etmək istərdim ki, biz Türkiyə, Gürcüstan, Tacikistan və Əfqanıstanla beynəlxalq əməkdaşlığımızı da davam etdiririk. Adlarını çəkdiyimiz ölkələrin mina aksiyası üçün kadr hazırlanmasına da xüsusi əhəmiyyət veririk. "2009-cu ildən başlayaraq Azərbaycan Hökumətinin vəsaiti hesabına "qeyri–hərbi sahədə yardım” proqramı çərçivəsində ANAMA tərəfindən mövcud "Mina Təhlükəsi” adlı dərsliklər və müəllim vəsaitləri Dari dilinə tərcümə edilmiş və 25500 ədəd çap edilərək Əfqanıstan İslam Respublikasına göndərilmişdir. Daha sonra mütəxəssislərimiz tərəfindən Əfqanıstanın iki vilayətində 950 müəllimə metodiki təlimlər keçmişik və bu işin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulmuşdur.
-Bu sahə üzrə beynəlxalq təşkilatlardan hansılarla təcrübə mübadiləsi aparır və əməkdaşlıq edirsiniz ?
Birləşmiş Millətlər Təşkilatı tərəfindən ötən il dərc edilmiş hesabata əsasən ANAMA ümumdünya mina aksiyası arenasında uğurlu fəaliyyətilə fərqlənən bir neçə təşkilatlardan biri elan edildi. Agentliyimiz bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və hazırda etməkdədir. Bura BMT strukturuna aid UNOPS, UNİCEF və həmçinin ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanılığı, ABŞ Hərbi Dəniz Quvvələri, Genevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi, İngiltərənin MAG, Amerikanın RONCO, İsveçin D-Mine şirkəti, Almaniyanın Vallon Şirkəti, Avstraliyanın MineLab şirkəti, Slovakiyanın Way Industry təşkilatı, Xorvatiyanın DOK-İNG təşkilatı, Əfqanıstanın Mina Aksiyası Mərkəzi, İngiltərənin Kranfield Universiteti, Amerikanın James Madison Universiteti, NATO-nun Təchizat Agentliyi və sair təşkilatları da misal çəkmək olar.
-Mina təmizləmə sahəsində milli kadrların yetişdirilməsi istiqamətində ölkəmizdə vəziyyət necədir ?
ANAMA-nın yeni yaradıldığı illərdə (1998-2001) əksər təlim kursları və icra olunan mina axtarma əməliyyatlarına nəzarət əsasən əcnəbi mütəxəssislər və texniki məsləhətçilər tərəfindən icra edilirdi. ANAMA-nın direktoru cənab N.İsmayılov tərəfindən qarşıya qoyulmuş milli potensiyalın yaradılması strategiyası əsasında, 2001-ci il tarixdə Azərbaycanın mina aksiyası üzrə Təlim və Monitorinq Qrupunun və milli sahə rəhbərləri vəzifələrinin yaradılması, milli kadrların formalaşmasına və inkişaf etdirilməsinə çox ciddi təkan verdi. Nəticədə, xarici vətəndaşların əhatə etdiyi missiyalar tədricən məhdudlaşaraq, onların tutduğu vəzifələr öz önəmini itirməyə başladı və sonda isə tam şəkildə milli heyətin səlahiyyətinə verildi. Əcnəbi mütəxəssislərin verdiyi faydaları qiymətləndirsək də, bugün artıq ANAMA-da heçbir əcnəbi mütəxəssis fəaliyyət göstərmir. ANAMA-nın "Тəlim, Тədqiqat və Кeyfiyyətin Тəminatı Qurumu” (TTKTQ) agentliyin təlim və keyfiyyətə nəzarət funksiyalarını icra edir. TTKTQ özündə, ABŞ Silahlı Qüvvələrinin müvafiq metodlarını, BMT-nin İMAS qaydalarını və Azərbaycanın Minatəmizləmə üzrə Milli Qayda və Standartlarını cəmləşdirən və tətbiq edən qurumdur. Qurumun mərkəzi, Göygöl şəhərində, ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində yerləşir. Vaxtilə ANAMA-nın daxili ehtiyacları üçün yaradılmış TTKT-Qurumu, son illərdə nəyinki Azərbaycanda, hətta Türkiyə, Gürcüstan, Tacikistan, Əfqanıstan və sair ölkələr üçün təlim kursları keçməkdə və texniki məsləhətlər verməkdədir. NATO kimi mühüm təşkilatın məhz ANAMA-nı tenderə dəvət etməsi və ANAMA-nın çoxsaylı beynəlxalq təşkilatlar arasından tender qalibi çıxması nəticəsində, ANAMA tərəfindən Gürcüstan Respublikasının Silahlı Qüvvələrinə 9-dan artıq müxtəlif təlim kursları keçirilmiş və əlavə olaraq Gürcüstanda 5 ay əməliyyatlara nəzarət icra olunmuşdur. Bundan əlavə olaraq Türkiyənin MKE Makina Kimya Endüstri (Hərbi Sənaye) strukturuna 3 minaaxtarma və partlayışlar üzrə təlimin və Türkiyənin özəl NOKTA şirkətinin qruplarına isə daha 2 təlim kursunun keçirilməsi, Türkiyə-Suriya sərhəddi arasında 2000-dən artıq minimum metal tərkibli minaların aşkar olunması ilə nəticələndi. Danılmaz faktdır ki, ANAMA öz sərəncamında olan xüsusi avadanlıqlar, xüsusi naqilsiz təlim minaları, vibrasiya və sair funksiyaları olan D-MİNE adlı imitasiya qurğularındanda geniş istifadə etmişdir. Bu günədək ANAMA tərəfindən 140-dan artıq təlim kursu keçirilərək 1500-ə yaxın şəxsin mütəxəssis kimi formalaşması təmin edilmişdir. Bunlardan 300 nəfəri isə xarici müdavimlər olmuşdur. Son iki-üç ildə ANAMA-nın İnformasiya Şöbəsi ilə Genevrə Mərkəzi arasında aparılan əməkdaşlığın nəticəsi olaraq 20-yə yaxın ölkədən gəlmiş mütəxəssislər üçün Göygöl Təlim Mərkəzində 2 beynəlxalq təlim keçirilmişdir. Hazırda agentliyin TTKT-Qurumu 20 müxtəlif təlim kurslarını həyata keçirmək iqtidarındadır. ANAMA-nın əməliyyatlar üzrə bütün şəxsi heyəti öz vəzifələrinə uyğun müvafiq təlim kurslarında iştirak etmiş və rəhbər heyət isə xarici ölkələrdə yeni biliklərə yiyələnərək bu bilik və bacarıqları Azərbaycana gətirməkdə və Agentliyimizin inkişafı üçün istifadə etməkdədir. 2008-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ANAMA-nın 9 əməkdaşı öz xidmətlərinə görə "Tərəqqi” medalları ilə təltif olunmuşlar. 1 nəfər isə ölümündən sonra "Vətən Uğrunda” medalı ilə təltif edilmişdir.
Mehriban Məmmədzadə