• Aktual
  • 2-12-2015, 21:47
  • 298Oxunub

Azərbaycan: Milli Məclis dini qanunlara dəyişiklik təklif edir

{title

42-ciparalel.az
 

Cümə günü Milli Məclisin növbəti iclasında dini məsələlərinin sərtləşdirilməsi, ölkədə terrorçu və ekstremist fəaliyyətə görə məsuliyyətin gücləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər müzakirə olunacaq.

Bu, paytaxt Bakıdan kənarda yerləşən və əhalisi əsasən şiələrdən ibarət olan Nardaran qəsəbəsində ölümcül "antiterror" əməliyyatından sonra yaranmış gərginlik fonunda baş verir, Turan agentliyi yazır.

Dəyişiklik layihələrini Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsi təsdiq edib.

Belə ki, "Vətəndaşlıq" haqqında qanunun 18-cu Maddəsinə düzəliş edilə bilər.

Düzəlişə görə, Azərbaycan vətəndaşının terror fəaliyyətində iştirakı, Konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi, vətəndaşın dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnəcək.

Dini təbliğat

Həmçinin, Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxs dini təbliğata görə cəzalandırılacaq.

Bununla bağlı Cinayət Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Təklifə əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə isə 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası verilə bilər.

Dini atributlar və etiqad azadlığı

Bundan başqa, düzəlişlər "dini etiqad azadlığı" haqqında qanuna da təklif olunub. Belə ki, yalnız bu ölkədə təhsil almış Azərbaycan vətəndaşları müsəlman dini mərasimlərini yerinə yetirə bilər. Xaricdə dini təhsil alanlara isə bu qadağan olunur.

Normaların pozulmasına görə min manatdan 5 min manatadək cərimə və ya bir ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Digər bir dəyişikliyə görə, dini ibadət yerlərindən kənarda ictimai yerlərdə dini atributların nümayişi qadağandır. Atributları, o cümlədən dini bayraqlar, məbədlərin, dini mərkəzlərin və şöbələrin içində ucaldıla bilər.

Valideynlərə 100 AZN cərimə

Son olaraq dəyişiklik məktəbdən yayınan uşaqların valideynlərinin məsuliyyətə cəlb olunmasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi ilə bağlıdır. Ay ərzində bir həftə məktəbdən yayınanların valideynləri 100 manat məbləğində cərimə ödəməli olacaqlar.

Qanun layihələri cümə günü Milli Məclisin növbəti iclasında müzakirə olunacaq.

Ötən cümə axşamı Nardaran qəsəbəsində polis əməliyyatı vaxtı baş vermiş silahlı qarşıdurma zamanı iki polis əməkdaşı da daxil olmaqla 6 adam həlak olub.

Çərşənbə axşamıdan etibarən qəsəbədə Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Baş Prokurorluq tərəfindən xüsusi əməliyyat aparılır.

Cümə axşamı baş verən silahlı insident vaxtı saxlanılan şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Hüquq-mühafizə orqanları insidentdən sonra aralarında Taleh Bağırov da olmaqla saxlanılanları "dini dövlət qurmaq" məqsədilə "Müsəlman Birliyi" adlı hərəkat yaratmaqda ittiham ediblər.