Bir nəslin inqilab himni – “Smells Like Teen Spirit” necə yarandı?

42-ciparalel.az Kulis.az-a istinadən “Miksteyp” rubrikasından məşhur “Smells Like Teen Spirit” mahnısı haqqında materialı təqdim edir.

1991-ci ilin payızı idi. Musiqi dünyasında “glam metal”ın parıltılı ulduzları, qabardılmış saçlar və sintezatorla zənginləşdirilmiş pop musiqisi hökm sürürdü. Gənclər isə öz daxili boşluqlarını dolduracaq, qəzəblərini ifadə edəcək və onlara güzgü tutacaq yeni bir səs axtarışında idilər. Məhz bu ərəfədə Sietldan olan üç gənc – Kurt Kobeyn, Krist Novoseliç və Deyv Qrol musiqi tarixinə əbədi həkk olunacaq bir mahnı bəstələdilər. “Nirvana” qrupunun “Nevermind” albomundan olan “Smells Like Teen Spirit” səssiz qalan X nəslinin üsyankar inqilab himninə çevrildi.

Mahnının yaranma hekayəsi qəribə bir təsadüflə başlayır. Adın necə ortaya çıxması əksər dinləyicilərə məlum deyil. 1990-cı ilin avqustunda Kurt Kobeyn və onun rəfiqəsi, “Bikini Kill” qrupunun solisti Ketlin Hanna içkili halda gecə gəzintisindən sonra divara sprey boya ilə belə bir cümlə yazırlar:

“Kurt Smells Like Teen Spirit” (Kurtun “Teen Spirit” qoxusu gəlir).

Kurt bu cümlənin çox dərin, anarxist və fəlsəfi bir məna daşıdığını düşünərək ondan ilhamlanır. Halbuki, həmin vaxt Kurtun sevgilisi Tobi Veyl “Teen Spirit” adlı ucuz bir qadın dezodorantı istifadə edirdi. Ketlin isə həmin yazını yazarkən sadəcə Kurtun üzərində sevgilisinin ətrinin qaldığına zarafatla işarə etmişdi. Kurt mahnı qlobal bir hitə çevriləndən aylar sonra bunun adi bir dezodorant markası olduğunu öyrənəndə şoka düşmüş və çox əsəbiləşmişdi.

Əgər mətn təsadüfdən doğmuşdusa, mahnının musiqi strukturu qrupun rəhbəri Kurt Kobeynin şüurlu seçimi idi. O, müsahibələrinin birində tam səmimiyyətlə etiraf edirdi:

“Mən sadəcə “Pixies'” qrupunun üslubunu yamsılamağa və ən mükəmməl pop mahnısını yazmağa çalışırdım”. “

“Pixies”in xarakterik dinamikası bu mahnının onurğa sütununu təşkil edir. Kurt ilk dəfə dörd akkorddan ibarət sadə gitar rifini məşqə gətirəndə bas-gitarist Krist Novoseliç bunu “gülünc” adlandırmışdı. Lakin Kurt inadından dönmədi və qrupu bu akkordları aramsız olaraq çalmağa məcbur etdi. Bir saat yarım davam edən təkrarlardan sonra mahnının o məşhur, aqressiv və hipnotik axarı tapıldı. Barabanlarda Deyv Qrolun mükəmməl ifası kompozisiyanı tamamilə fərqli bir səviyyəyə qaldırdı.

“Smells Like Teen Spirit”in yaddaşlarda həkk olunmasının ən böyük səbəblərindən biri də onun kulta çevrilmiş klipidir. Rejissor Samuel Bayerin lentə aldığı bu video ilk baxışdan darıxdırıcı idman zalında başlanan konsertin necə idarəolunmaz bir anarxiyaya çevrilməsini göstərir. Klipdəki xoreoqrafiya bilərəkdən qəlibləri sındırır: geyimlərində qara anarxiya simvolu olan çirliderlər, əlində süpürgə ilə rəqs edən xadimə və ən nəhayət, hər şeyi darmadağın edən gənclər.

Əslində, çəkiliş zamanı kütləvi səhnədəki gənclər (Nirvana fanatları) saatlarla eyni yerdə, tribunada oturmaqdan, həqiqətən, bezmiş və yorulmuşdular. Rejissor onlara “indi isə səhnəyə gəlin və istədiyinizi edin” dediyi an yığılmış qəzəb doğrudan da partladı. Klipdəki o məşhur dağıntı, aparatların sındırılması səhnələri heç bir ssenariyə əsaslanmırdı; onlar tamamilə real və təbii qəzəbin ifadəsi olaraq lentə alınmışdı.

Mahnının rəsmi təqdimatından dərhal sonra o, bütün dünyanı cənginə aldı və MTV kanalının ən çox yayımladığı videoya çevrildi. Nirvana inqilabı o qədər güclü oldu ki, “Nevermind” albomu Popun Kralı Maykl Ceksonun məşhur “Dangerous” albomunu “Billboard” siyahılarının zirvəsindən sıxışdırıb çıxardı. Yeraltı qarajlardan çıxan musiqi dünyanın zirvəsində idi.

Lakin bu misilsiz və gözlənilməz uğur Kurt Kobeyn üçün çox keçmədən lənətə çevrilməyə başladı. O, mahnının ifrat dərəcədə məşhurlaşmasından, xüsusən də vaxtilə ona nifrət edən “meystrim” kütlənin və aqressiv məktəb xuliqanlarının mahnını sevib onların konsertlərinə axışmasından iyrənirdi. Kurt hesab edirdi ki, qrupun digər mahnıları da ən az bu mahnı qədər mənalı və bəlkə də daha yaxşıdır. Məhz bu daxili üsyana görə sonrakı illərdə bəzi konsertlərdə o, bilərəkdən “Teen Spirit”in solosunu qəsdən səhv çalır, səsini fərqli tonlarda dəyişir və ya mahnını ifa etməkdən ümumiyyətlə imtina edirdi.

Bütün bu daxili ziddiyyətlərə və qrupun tragik sonluğuna baxmayaraq, “Smells Like Teen Spirit” bu gün də dünya musiqi tarixinin ən böyük nümunələrindən biri sayılır. Bu əsər öz yolunu itirmiş, cəmiyyətin saxta qaydalarından təcrid olunmuş və axtarışda olan bir gəncliyin kollektiv səsidir. Gitaranın o kəsici, cızıltılı ilk akkordları səsləndiyi an bu gün də milyonlarla insanın içindəki o üsyankar yeniyetmə ruhu eyni güclə, eyni şiddətlə yenidən oyanır. Məhz buna görə də o, heç vaxt köhnəlmir və hər yeni nəsillə birlikdə yenidən kəşf olunur.