Səbayıl Bağırov: “Futbolda heç vaxt gec deyil” – MÜSAHİBƏ

Karyerasını Qırğızıstanın “Ozqon” klubunda davam etdirən azərbaycanlı futbolçu Səbayıl Bağırov 42-ciparalel.az Apasport.az-a istinadən-a müsahibə verib.
– Legioner həyatı yaşayacaqsan, uğurlar arzu edirəm. Nəyə görə “Ozqon”u seçdin? Bildiyimizə görə, komandada azərbaycanlı futbolçular çıxış edir. Qərarını verərkən bu faktor rol oynadı?
– Təşəkkür edirəm. “Ozqon”un mənə təqdim etdiyi layihə və hədəflər diqqətimi çəkdi. Klubun mənə olan inamını hiss etdim. Komandada azərbaycanlı futbolçuların olması adaptasiya baxımından müsbət amildir. Amma qərarımın əsas səbəbi bu olmadı. Menecerim Gvanzav Maqamadovla birlikdə bütün variantları dəyərləndirdikdən sonra karyeram üçün ən uyğun seçimin “Ozqon” olduğuna qərar verdik.
– Orada çıxış etmiş həmyerlilərimizlə məsləhətləşdin?
– Bəli, müəyyən söhbətlərimiz oldu. Klub, çempionat və ümumilikdə ölkə barədə məlumat aldım. Onların fikirləri mənim üçün faydalı oldu. Amma son qərarı menecerimlə birlikdə özüm verdim.
– Bildiyimizə görə, sənə yerli klublardan da təkliflər var idi. Legioner həyatı yaşamağa üstünlük verdin. Bəs digər xarici klublardan da təkliflərin olmuşdu?
– Bəli, həm Azərbaycandan, həm də xaricdən müəyyən təkliflər almışdım. Menecerimlə birlikdə bütün variantları analiz etdikdən sonra “Ozqon”un mənim üçün ən doğru seçim olacağını düşündük.
– Legioner həyatı yaşamağın gələcəkdə Azərbaycan milli komandasına dəvət almağın üçün üstünlük yarada bilər? Özün bu barədə nə düşünürsən?
– Hər bir futbolçunun ən böyük hədəflərindən biri milli komandanın formasını geyinməkdir. Mən də bu məqsədlə çalışıram. Düşünürəm ki, futbolçu üçün əsas olan harada çıxış etməsi yox, meydanda göstərdiyi performansdır. Qarşıda məni yeni çağırışlar gözləyir və əlimdən gələni edəcəyəm ki, özümü ən yaxşı tərəfdən göstərim. Futbolda heç vaxt gec deyil. Əsas odur ki, öz üzərində işləməyi dayandırmayasan və məqsədlərinə inamını itirməyəsən. Mən də bu inamla yoluma davam edirəm.
