93 yaşlı aktrisa Venesiya Film Festivalında mükafatlandırıldı

“Sonuncu kino seansı” (The Last Picture Show), “Şeytan” (The Exorcist), “Alisa artıq burada yaşamır” (Alice Doesn’t Live Here Anymore) və “Arzuya ağı” (Requiem For A Dream) filmlərindəki unudulmaz rolları ilə tanınan əfsanəvi amerikalı aktrisa Ellen Börstin 83-cü Venesiya Beynəlxalq Film Festivalında “Ömür boyu nailiyyət”ə görə “Qızıl Şir” mükafatı ilə təltif ediləcək.

42-ciparalel.az Kulis.az-a istinadən xəbər verir ki, bu barədə festivalın təşkilatçıları rəsmi məlumat yayıb.

“Müasir qadının ziddiyyətlərini təcəssüm etdirir”

Festivalın bədii rəhbəri Alberto Barbera Börstini nadir rast gəlinən intensivliyə və həqiqətə malik bir aktrisa kimi xarakterizə edərək onun müasir qadının ziddiyyətlərini təcəssüm etdirdiyini, unudulmaz qadın personajlarına dərinlik və mürəkkəblik qatdığını vurğulayıb.

Barbera fikirlərinə belə davam edib:

“Piter Boqdanoviçin kiçik Amerika qəsəbəsinin qürubunu təsvir edən “The Last Picture Show” filmində kəşf edilən və Uilyam Fridkinin ‘The Exorcist’ filminin uğuru ilə dünya şöhrəti qazanan Börstin Martin Skorsezenin qadınların öz kimliklərini və azadlıqlarını yenidən bərpa etmələrinə dair bir manifest olan “Alice Doesn’t Live Here Anymore” filmi ilə “Ən yaxşı aktrisa” nominasiyasında “Oskar” qazandı”.

Dövrün ən vacib rejissorları ilə işbirlikləri

Barbera məşhur aktrisanın dövrün ən vacib kinorejissorlarından bəziləri ilə, o cümlədən Alen Rene (“Providence”), Pol Şreder (“Hardcore”) və Kristofer Nolanla (“Interstellar”) çalışdığını da diqqətə çatdırıb.

O bildirib ki, Börstin sistemli intizamını canlandırdığı personajlara qarşı emosional həqiqət alətinə çevirməyi bacarıb:

“Onun acını və gündəlik müqaviməti ləyaqət, ironiya və cəsarətlə işıqlandıra bilən sənəti, performasdakı orijinallığın və aktyorluq peşəsindəki ictimai məsuliyyətin mütləq modeli olaraq qalır”.

Xəbəri öyrənən 93 yaşlı əfsanəvi aktrisa sevincini və həyəcanını bu sözlərlə ifadə edib:

“Vau! Nəinki dünyanın ən çox sevdiyim şəhərlərindən birinə gedirəm, həm də evə qollarımda “Qızıl Şir”lə qayıdıram! Venesiya Film Festivalından “Ömür boyu nailiyyət” mükafatı! Özümü o qədər qürurlu, o qədər xoşbəxt, o qədər minnətdar hiss edirəm ki! Həqiqətən də, vau!”

Qeyd edək ki, “Qızıl Şir” mükafatı Meggi Cillenhallın “Flesh Impact” adlı qısametrajlı filminin nümayişi zamanı Börstinə təqdim ediləcək. Merilin Monronun anadan olmasının 100 illiyinə həsr edilən bu film festival rəhbərliyinin sözlərinə görə, Börstinin qeyri-adi aktyorluq istedadını bir daha göstərir.

Xatırladaq ki, 83-cü Venesiya Film Festivalı bu il sentyabrın 2-dən 12-dək keçiriləcək.