Ərdoğan Zelenskidən narazıdır – Ankarada ona nə deyəcək?

NATO-nun Ankarada keçiriləcək sammiti təkcə alyansın gələcək təhlükəsizlik strategiyasını deyil, həm də Türkiyə–Ukrayna münasibətlərinin yeni mərhələsini müəyyənləşdirə biləcək mühüm görüşlərdən biri kimi qiymətləndirilir. Musavat.com xəbər verire ki, bu barədə Rusiyanın “SP”nəşri yazır. Bildirilir ki, iyulun 7-də başlayacaq sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutacağı gözlənilən görüş xüsusi diqqət mərkəzində olacaq.
Picture backgroundSiyasi müşahidəçilərin fikrincə, Ərdoğanın Kiyevə çatdıracağı mesajlar əvvəlki görüşlərlə müqayisədə daha sərt ola bilər. Çünki son aylarda Qara dənizdə təhlükəsizlik məsələləri Ankaranın əsas narahatlıq mövzularından birinə çevrilib. Türkiyə beynəlxalq ticarət marşrutlarının təhlükəsiz saxlanılmasını öz milli maraqlarının ayrılmaz hissəsi hesab edir. Müxtəlif mənbələrdə Ukraynanın dəniz əməliyyatları və pilotsuz vasitələrinin fəaliyyəti ilə bağlı səsləndirilən iddialar da Ankarada diqqətlə izlənilir. Bu iddiaların hamısı beynəlxalq səviyyədə təsdiqlənməsə də, Türkiyə üçün bölgədə gərginlik riski deməkdir. Məhz buna görə də ekspertlər hesab edirlər ki, Ərdoğan Zelenski ilə görüşdə ilk növbədə Qara dənizdə sabitliyin qorunmasının vacibliyini vurğulayacaq. Türkiyə həm Bosfor, həm də Dardanel boğazlarının təhlükəsizliyinə birbaşa təsir göstərə biləcək istənilən addımın region üçün ciddi nəticələr doğura biləcəyini düşünür.
Ankaranın digər prioriteti isə öz vasitəçilik rolunu qorumaqdır. Türkiyə indiyədək həm Moskva, həm də Kiyevlə dialoqu davam etdirə bilən azsaylı NATO ölkələrindən biri olub. Ərdoğan hesab edir ki, gələcək sülh prosesində Ankara əsas oyunçulardan biri olmalıdır. Bu baxımdan Türkiyə regionda gərginliyi artıracaq addımların əleyhinə çıxış edir. Bununla yanaşı, Zelenskinin Ankara səfərinin mühüm məqsədlərindən birinin yeni hərbi və sənaye əməkdaşlığı imkanlarını müzakirə etmək olduğu da ehtimal edilir. Türkiyənin sürətlə inkişaf edən müdafiə sənayesi Ukrayna üçün cəlbedici tərəfdaş hesab olunur. Lakin Ankara üçün iqtisadi əməkdaşlıq təhlükəsizlik maraqlarından üstün deyil və Ərdoğanın bu məsələni də açıq şəkildə gündəmə gətirəcəyi gözlənilir.
Picture backgroundNəşr yazır ki, Türkiyə lideri Zelenskiyə bir neçə əsas mesaj verməyə çalışacaq: Qara dənizdə sabitliyin qorunması, Türkiyənin milli təhlükəsizlik maraqlarına hörmət göstərilməsi, regionda eskalasiyaya səbəb ola biləcək addımlardan çəkinilməsi və Ankaranın vasitəçi rolunun nəzərə alınması.
“Ərdoğanın NATO sammitində digər müttəfiqlərə də Qara dəniz təhlükəsizliyi ilə bağlı öz baxışını təqdim edəcəyi gözlənilir. Ankara hesab edir ki, bölgədə uzunmüddətli sabitlik yalnız sahilyanı dövlətlərin maraqları və beynəlxalq hüququn prinsipləri nəzərə alınmaqla təmin oluna bilər.Beləliklə, Ankaradakı görüş təkcə Türkiyə ilə Ukrayna arasında növbəti diplomatik təmas olmayacaq. Bu görüş həm də Ərdoğanın Zelenskiyə hansı sərhədlərin aşılmamalı olduğunu izah etməyə çalışacağı, eyni zamanda Türkiyənin regional təhlükəsizlik siyasətinin əsas konturlarını ortaya qoyacağı mühüm siyasi dialoq kimi qiymətləndirilir” deyə, nəşr yazır.Musavat. com
