ICIEC 51 ölkədə 159 milyard dollarlıq ticarət və investisiya əməliyyatlarını sığortalayıb

İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyası (ICIEC) 1994-cü ildən bu günə qədər 51 üzv ölkədə 159 milyard ABŞ dollarından çox ticarət və investisiya axınını sığortalayıb.

42-ciparalel.az APA-a istinadən, bunu İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casser İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində keçirilən Özəl Sektor Forumu 2026-nın açılış mərasimində deyib.

Onun sözlərinə görə, sığortalanan əməliyyatların təxminən 57 milyard ABŞ dolları üzv ölkələr arasındakı ticarət və investisiya layihələrinin payına düşüb.

“Yalnız 2025-ci ildə ICIEC təxminən 6 min kiçik və orta biznes subyektinin maliyyəyə çıxış imkanlarının genişlənməsinə kömək edib, 294 mindən çox iş yerini dəstəkləyib və ərzaq təhlükəsizliyi, enerji, səhiyyə və digər strateji sahələr üzrə 890 milyon ABŞ dolları dəyərində vacib mal və xidmətlərin təmin edilməsinə töhfə verib”, – o bildirib.

Əl-Casser əlavə edib ki, İslam Özəl Sektorun İnkişafı Korporasiyası (ICD) fəaliyyətə başladığı vaxtdan bəri 41 ölkədə ümumi dəyəri 7,1 milyard ABŞ dollarını aşan 450-dən çox layihəni maliyyələşdirib, ITFC isə üzv ölkələrə təxminən 20 milyard ABŞ dolları həcmində ticarət maliyyəsi təqdim edib.