IsDB-nin İllik Toplantıları çərçivəsində bir sıra maliyyə və investisiya sazişləri imzalanıb – FOTO

Bakıda İslam İnkişaf Bankı Qrupunun (Islamic Development Bank Group – IsDB Group) özəl sektor qurumları ilə Azərbaycan tərəfdaşları arasında bir sıra əməkdaşlıq sazişlərinin imzalanma mərasimi keçirilib.
“APA-Economics” xəbər verir ki, mərasimdə İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Korporasiyası (Islamic Corporation for the Development of the Private Sector – ICD) və Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (International Islamic Trade Finance Corporation – ITFC) çərçivəsində müxtəlif maliyyə, investisiya və kredit xətləri üzrə razılaşmalar əldə edilib.
Tədbir çərçivəsində ilk olaraq İslam Korporasiyası (ICD) ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (State Oil Company of the Republic of Azerbaijan – SOCAR) arasında Azərbaycan üzrə maliyyələşmə, investisiya və məsləhət imkanlarının araşdırılması sahəsində əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb. Saziş SOCAR-ın prezidenti Rövşən Nəcəf və ICD-nin icraçı direktoru vəzifəsini icra edən Xalid Əl-Abudi tərəfindən imzalanıb.
Daha sonra İslam Korporasiyası (ICD) ilə Azərbaycan Biznesin İnkişafı Fondu (Azerbaijan Business Development Fund – ABDF) arasında 200 milyon manatlıq çərçivə “wakala” sazişi imzalanıb. Saziş Azərbaycanda özəl sektorun maliyyələşdirilməsini dəstəkləmək məqsədilə maliyyə institutlarına yerli valyutada kredit xətlərinin təqdim edilməsini əhatə edir. Sənədi ABDF İdarə Heyətinin sədri Ülvi Mansurov imzalayıb.
Həmçinin İslam Korporasiyası (ICD) ilə Türk İnvestisiya Fondu (Turkic Investment Fund – TIF) arasında 50 milyon ABŞ dolları həcmində çərçivə agentlik sazişi imzalanıb. Bundan əlavə, İslam Korporasiyası (ICD) və Azerconnect Group arasında 20 milyon ABŞ dolları həcmində birbaşa maliyyələşmə üzrə mandat məktubu imzalanıb.
ICD çərçivəsində növbəti mərhələdə TuranBank ilə 15 milyon ABŞ dolları həcmində kredit xətti üzrə niyyət məktubu imzalanıb. Sazişin məqsədi Azərbaycanda özəl sektorun maliyyələşdirilməsinin genişləndirilməsidir.
Daha sonra Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (International Islamic Trade Finance Corporation – ITFC) ilə Rabitabank arasında 10 milyon ABŞ dolları həcmində maliyyələşmə razılaşması imzalanıb.
