Ukrayna dronları Moskva yaxınlığındakı logistika mərkəzinə zərbə endirib

Ukraynanın Moskva vilayətinə həyata keçirdiyi dron hücumu nəticəsində Podolsk yaxınlığındakı Koledino qəsəbəsində yerləşən 3PL logistika şirkətinin anbarında yanğın baş verib.
Vətəninfo.az xəbər verir ki, hadisəni Podolsk administrasiyasının rəhbəri Qriqori Artamonov təsdiqləyərək, meşəlik ərazidə yanğın baş verdiyini və fərdi evlərdən birinin hasarına ziyan dəydiyini bildirib. Ukrayna monitorinq kanalları isə zərbənin Wildberries şirkətinin yaxınlıqdakı paylama mərkəzini hədəf aldığını iddia edir.
Məlumata görə, son günlər Ukrayna dronları Rusiyanın müxtəlif bölgələrində yerləşən bir sıra logistika mərkəzlərinə hücumlar həyata keçirib. ABŞ-nin Müharibə Tədqiqatları İnstitutu (ISW) isə bu hücumlardan sonra Moskva ətrafında əlavə “Pantsir” hava hücumundan müdafiə sistemlərinin yerləşdirildiyini bildirib.
