Rusiya Xarici Kəşfiyyat Xidməti: Aİ Ermənistana iqtisadi problemlərin həllində kömək edə bilməyəcək

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Ermənistanın Avropa İttifaqı ilə münasibətləri barədə bəyanat yayıb.
Vətəninfo.az xəbər verir ki, SVR-in mətbuat bürosunun yaydığı açıqlamada iddia olunur ki, Avropa İttifaqı Ermənistandan Rusiya biznesinin ölkədəki mövqeyini zəiflətməyi və Moskva ilə humanitar əlaqələri məhdudlaşdırmağı tələb edir.
Bəyanatda həmçinin qeyd edilir ki, Brüssel viza rejiminin liberallaşdırılması perspektivindən istifadə edərək İrəvanı anti-Rusiya addımlarına sövq etməyə çalışır.
SVR-in iddiasına görə, Avropa İttifaqı anlayır ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən (AİB) uzaqlaşacağı təqdirdə ölkədə ciddi iqtisadi böhran yarana bilər və Aİ bunun yaratdığı itkiləri kompensasiya etmək iqtidarında deyil.
Açıqlamada daha sonra bildirilir ki, artıq bir sıra Avropa ölkələri Avropa İttifaqı rəhbərliyinə öz bazarlarını Ermənistandan idxal edilən məhsullar üçün açmağa hazır olmadıqları barədə siqnallar göndəriblər.
Qeyd edək ki, bu məlumatlar Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəsmi bəyanatında yer alan iddialardır və Avropa İttifaqı tərəfindən bu açıqlamalara münasibət bildirilməyib.
