O uşaq bilirmi ki, biz heç vaxt bir-birimizi sevməmişik?.. – Pablo Neruda

Bu gün dünyaşöhrətli Çili şairi, Nobel mükafatçısı Pablo Nerudanın doğum günüdür.

42-ciparalel.az Kulis.az-a istinadən bu münasibətlə Salam Sarvanın Pablo Nerudadan tərcümələrini təqdim edir.

Niyə təyyarələr öz uşaqlarını

gəzməyə aparmır heç?

Limonların üstündə kürt yatan

hansı sarı quşdu axı?

Vertolyota kim öyrədəcək

günəşdən bal yığmağı?

Aydın ay harda saxlayır

gecənin un dolu kisəsini?

***

Görən, fransız baharları

bu qədər yarpağı haradan tapır?

Arının qovduğu kor

harda gizlənsin, harda?

Nədən bişirəcəyik çörəyi

sarılıq qurtaranda?

***

Dəvə tısbağadan soruşdu:

– nə var donqarının altında?

Tısbağa soruşdu dəvədən:

– portağalla nə pıçıldaşırsan?

Harda daha çoxdu yarpaq –

bağda, ya Keçmişin Cəngəlliyində?

Yarpaqlar niyə özünü öldürür

saraldığını bilən kimi?

***

Sülh göyərçini sülhdümü?

Hökmən savaşdırmı pələng?

Niyə ölümün coğrafiyasından

dərs keçir professor?

Və nə gəlir başına

dərsə gecikmiş qaranquşların?

Doğrudanmı, səmada

şəffaf məktublar gəzir?

***

Kimə gülümsəyir düyü

dişlərini ağarda-ağarda?

Qızılgülün yüz ətəyi var,

bəs Karakas gözəlinin?

Niyə məni birələr dişləyir,

bir də bu ədəbiyyat çavuşları?