Qələmi ilə sistemə qarşı çıxandan sonra sistemin qələminə çevrilən şair
Bu gün görkəmli eston şair və yazıçı Auqust Allenin anım günüdür.
42-ciparalel.az Kulis.az-a istinadən müəllif haqqında məqaləni təqdim edir.
Auqust Alle 1890-cı il avqustun 31-də Estoniyanın Vilyandi şəhərində sadə bir ailədə anadan olub. Uşaqlıq və ilk gənclik illəri çətinliklər içində keçib. O dövrün bir çox gənci kimi Alle də əvvəlcə bir peşəyə yiyələnmək istəyirdi. O, Vilnüs, Penza və Riqada aptekçi şagirdi kimi təhsil almışdı. Görünür, dərmanları ölçüb-biçmək dəqiqliyi sonradan onun sözləri cərrah bıçağı kimi istifadə etməsinə təsir göstərmişdi.
Lakin əczaçılıq onun ehtiraslı ruhunu qane etmirdi. İçindəki ədəbiyyat sevgisi onu Tartu Universitetinə, daha sonra isə Rusiyanın Saratov şəhərinə apardı. O, tibb və hüquq təhsili alsa da, əsl məqsədi və sevgisi poeziya idi. 1910-cu illərdə ilk şeirləri mətbuatda görünməyə başladı və çox keçmədən cəmiyyətin diqqətini özünə çəkdi.
Auqust Alle
***
1917-ci ildə Estoniya ədəbiyyatında əsl inqilab baş verdi. Mariya Under, Fridrix Tuqlas, Yohannes Semper kimi dövrün nəhəngləri “Siuru” adlı ədəbi qrup yaratdılar. Auqust Alle də bu qrupun ən parlaq, ən səs-küylü üzvlərindən biri oldu. “Siuru”çular ədəbiyyata azadlıq, erotika, həyat eşqi və bohem ab-havası gətirmişdilər. Onlar kafelərdə yığışır, şeirlər oxuyur, köhnə qaydaları və mühafizəkar cəmiyyəti lağa qoyurdular.
Alle bu mühitdə özünü balıq suda olduğu kimi hiss edirdi. O, kəskin zarafatları, ironiyası və həyata fərqli baxışı ilə seçilirdi. 1918-ci ildə nəşr olunan “Tənhalıq adalarına” adlı ilk şeirlər kitabı onun simvolizm və romantizmdən uzaq, reallığa daha yaxın olduğunu göstərdi. Alle cəmiyyətin qüsurlarını görməkdə və onları qələmə almaqda mahir idi.
Auqust Allenin təhsil aldığı Tartu Universiteti
***
1920-ci illərdə Estoniya artıq müstəqil respublika idi. Bu illər Auqust Allenin yaradıcılığının qızıl dövrü sayılır. O, ardıcıl olaraq kəskin satiralar, felyetonlar və epikramlar yazırdı. 1921-ci ildə çap edilən “Saqqallı nəğmələr” toplusu cəmiyyətdə reznans doğurdu.
Alle yeni formalaşmış burjuaziyanı, saxta vətənpərvərləri, varlıları və korrupsiyaya bulaşmış məmurları amansızcasına tənqid edirdi. Onun şeirləri sərt, lakonik və hədəfə dəqiq vuran ox kimi idi. O, ədəbiyyatın “qəzəbli gənci” kimi tanınırdı. Məhz bu dövrdə Alle jurnalistika ilə də yaxından məşğul olur, redaksiyalarda işləyir və mətbuatın ən iti qələmlərindən biri hesab edilirdi.
Məşhur Siuru ədəbi qrupunun üzvləri.
***
Hər şey 1940-cı ildə, Sovet ordusunun Estoniyanı işğal etməsi ilə dəyişdi. İkinci Dünya müharibəsinin başlaması və siyasi rejimin dəyişməsi ziyalılar üçün böyük sınaq idi. Bir çox eston yazıçı sürgünə getdi, bir çoxu güllələndi. Lakin Auqust Alle tam fərqli yol seçdi, o, yeni sovet hakimiyyəti ilə əməkdaşlıq etməyə qərar verdi.
Dünənə qədər hər cür çərçivəyə qarşı çıxan bohem şair birdən-birə sovet ideologiyasının ən sadiq xidmətçilərindən birinə çevrildi. O, Sovet İttifaqı Kommunist Partiyasının sıralarına daxil oldu, sovet quruluşunu mədh edən məqalələr yazmağa başladı. 1941-ci ildə alman ordusu Estoniyaya daxil olanda Alle Rusiyaya təxliyə olundu və orada sovet təbliğatı üçün işləməyə davam etdi. Onun qələmi artıq azad deyildi; o, sosialist realizminin tələblərinə uyğun, partiyanın diktəsi ilə əsərlər yaradırdı.
***
Müharibədən sonra Auqust Alle Estoniyaya qayıtdı və yüksək vəzifələrə təyin edildi. O, Estoniya SSR Yazıçılar İttifaqının rəhbərliyində təmsil olunur, nüfuzlu “Looming” ədəbi jurnalının baş redaktoru kimi fəaliyyət göstərirdi. Bir vaxtlar senzuraya nifrət edən Alle indi özü ədəbiyyatın “qapıçısı” olmuşdu. O, hansı əsərin çap ediləcəyinə, kimin xalq düşməni olduğuna qərar verən komissiyaların başında dayanırdı.
1952-ci il yanvarın 31-də Tallində vəfat edən Auqust Alle arxasında çox ziddiyyətli bir miras qoydu. Bəziləri onu satiranın ustadı, Estoniya ədəbiyyatının ən istedadlı nümayəndələrindən biri kimi xatırlayır. Bəziləri isə onu qorxudan və ya mənafedən rejimə təslim olan, yoldaşlarını satan bir funksioner kimi görür.
Amma reallıq budur ki, Auqust Alle mürəkkəb bir dövrün qurbanı və eyni zamanda iştirakçısı idi. O, həm fırçası ilə yaradan, həm də eyni fırça ilə öz keçmişinin üzərindən qara xətt çəkən faciəvi bir ziyalı kimi tarixə düşdü.
Tallin, Estoniya
