İsrailin qərarı maskaları cırdı – Türkiyəni tək qoymayan yeganə dövlət Azərbaycan oldu

İsrailin qondarma erməni soyqırımını tanıması ilə bağlı qəbul etdiyi qərar regionda yeni siyasi və diplomatik reallıq formalaşdırıb. Bu qərar təkcə İsrail-Türkiyə münasibətlərinə deyil, həm də Ankara ilə strateji tərəfdaşlıq münasibətləri olan ölkələrin mövqeyinə diqqəti artırıb. Məhz belə bir məqamda Azərbaycanın nümayiş etdirdiyi prinsipial mövqe xüsusi əhəmiyyət kəsb edir.

Rəsmi Bakı bu məsələdə Türkiyəyə açıq dəstəyini bəyan edən yeganə dövlət kimi çıxış edib. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda İsrail parlamentində qəbul edilən qərar qətiyyətlə pislənib və Türkiyənin mövqeyinə açıq dəstək ifadə olunub. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin sadəcə siyasi bəyanatlardan ibarət olmadığını, “bir millət, iki dövlət” prinsipinin konkret hadisələr fonunda da praktik şəkildə öz təsdiqini tapdığını bir daha nümayiş etdirib.

Azərbaycanın bu addımı son illər Türkiyədə Bakını “İsrail yanlısı” kimi təqdim etməyə çalışan, xüsusilə “müsəlman həmrəyliyi” arqumenti üzərindən Azərbaycana qarşı ittihamlar irəli sürən dairələrin iddialarına da ciddi cavab sayılmalıdır. Çünki Azərbaycan milli maraqlarını qorumaqla yanaşı, Türkiyənin milli maraqlarına toxunan ən həssas məsələlərdə də tərəddüd etmədən qardaş ölkənin yanında yer aldığını növbəti dəfə nümayiş etdirdi.

Maraqlı məqamlardan biri də budur ki, son illərdə Türkiyə Fələstin məsələsində ən fəal mövqe sərgiləyən dövlətlərdən biri olub. Ankara İsraillə münasibətlərini məhz Qəzza və Fələstin məsələsinə görə ciddi şəkildə gərginləşdirib, beynəlxalq platformalarda Fələstinə ardıcıl siyasi və diplomatik dəstək göstərib. Lakin İsrailin qondarma erməni soyqırımı ilə bağlı qərarından sonra Fələstin tərəfindən Türkiyəni dəstəkləyən analoji rəsmi bəyanatın verilməməsi diqqət çəkən məqamlardan biridir.

Bu kontekstdə keçmişdə Fələstin lideri Yasir Ərəfatın erməni rəsmiləri ilə keçirdiyi görüşlər və onlarla səmimi münasibətlərinə dair məlum faktlar da yenidən xatırlanır. Eyni zamanda Fələstinin xarici işlər naziri vəzifəsini erməni mənşəli şəxsin tutması da müxtəlif siyasi dairələrdə müzakirə olunan məqamlardan biridir. Bununla yanaşı, tarixdə Fələstin və Livan ərazilərində erməni terror təşkilatlarının düşərgələrinin fəaliyyət göstərməsi, həmin qrupların vaxtilə türk diplomatlarına qarşı terror aktları həyata keçirməsi də regionun mürəkkəb siyasi mənzərəsinin tərkib hissəsi kimi yada düşür. Bütün bu hadisələr fonunda yaranan mənzərə Türkiyə üçün dost və tərəfdaş anlayışının yenidən qiymətləndirilməsi baxımından mühüm siyasi mesajlar ehtiva edir.

İsrailin qərarı ətrafında formalaşan proseslər göstərir ki, Ankara üçün ən çətin məqamlarda qəti və birmənalı dəstək nümayiş etdirən ölkə məhz Azərbaycan olub. Rəsmi Bakının sərgilədiyi mövqe strateji müttəfiqliyin, qarşılıqlı etimadın və “bir millət, iki dövlət” fəlsəfəsinin növbəti dəfə real siyasi hadisələr fonunda öz təsdiqini tapdığını nümayiş etdirən mühüm nümunədir.

Hazırkı siyasi mənzərə bir daha göstərir ki, dövlətlərarası münasibətlərdə emosional gözləntilərdən daha çox konkret siyasi mövqelər və praktik addımlar əsas meyardır. İsrailin qondarma erməni soyqırımı ilə bağlı qərarı fonunda Azərbaycanın Türkiyəyə açıq və birmənalı dəstək verməsi strateji müttəfiqliyin real təzahürü kimi diqqət çəkir. Eyni zamanda Türkiyənin uzun illər ərzində Fələstin məsələsində nümayiş etdirdiyi ardıcıl siyasi dəstəyə baxmayaraq, analoji həssas məqamda Ankaranın gözlədiyi səviyyədə rəsmi həmrəylik görməməsi regiondakı siyasi münasibətlərin yenidən təhlil edilməsini aktuallaşdırır.

Baş verənlər Türkiyə üçün beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşların kim olduğunu bir daha müəyyənləşdirmək baxımından mühüm siqnaldır. Bu prosesdə Azərbaycanın sərgilədiyi prinsipial mövqe isə Ankara-Bakı strateji müttəfiqliyinin təsadüfi deyil, qarşılıqlı etimada və ortaq milli maraqlara söykənən uzunmüddətli siyasi xətt olduğunu bir daha nümayiş etdirir.

Yekun olaraq, xüsusi vurğulamaq lazımdır ki, burada ortaya çıxan bir nəticə var. O da ondan ibarətdir ki, beynəlxalq siyasətdə dostluq bəyanatlarla deyil, kritik məqamlarda nümayiş etdirilən mövqe ilə ölçülür. İsrailin qərarı ətrafında yaranan vəziyyət Türkiyəyə kimin sözdə, kimin isə əməli şəkildə yanında olduğunu bir daha nümayiş etdirmiş oldu. Bu sınaqdan isə ən qətiyyətli şəkildə çıxan ölkə məhz Azərbaycan oldu.Musavat.com