Müasir dövrdə kitab oxumaq vərdişi niyə zəifləyir?

Müasir texnologiyaların sürətli inkişafı insanların gündəlik həyat tərzində ciddi dəyişikliklərə səbəb olub. Bu dəyişikliklərdən biri də kitab oxuma vərdişinin əvvəlki dövrlərlə müqayisədə zəifləməsidir. Bir vaxtlar insanların əsas məlumat və bilik mənbələrindən hesab olunan kitablar bu gün rəqəmsal platformalarla rəqabət aparmalı olur.

Vətəndaş bildirib ki, smartfonlardan istifadə geniş yayılandan sonra çap olunmuş kitab oxumaq vərdişi xeyli azalıb:

“Smartfonlar çıxandan demək olar ki, kitab oxumuram. Oxumaq istədiyim kitabları internetdən PDF formatında tapıb telefondan və ya planşetdən oxuyuram. Bu mənə daha rahat gəlir. Çünki kitabı hər yerdə özümlə daşıya bilirəm və istənilən vaxt açıb oxumaq imkanım olur.”

Mütəxəssislər hesab edirlər ki, texnologiyanın inkişafı kitab oxuma vərdişini tamamilə aradan qaldırmasa da, bu vərdişin formasını dəyişib. Bu gün bir çox insan ənənəvi çap kitabları əvəzinə elektron kitab və audiokitablardan istifadə edir. Bununla belə, mütaliənin insanın dünyagörüşünün formalaşması, düşünmə qabiliyyətinin inkişafı və söz ehtiyatının zənginləşməsi baxımından əhəmiyyəti dəyişməz olaraq qalır. Məhz buna görə də mütəxəssislər kitab oxumağın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsinin vacibliyini vurğulayırlar.