5 avtomat, 1 qumbara, 67 kiloqram narkotik… – Daha bir əməliyyat

Daxili İşlər Nazirliyinin əməkdaşları iyunun 8-də ölkə ərazisində keçirdikləri əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində müxtəlif istiqamətlər üzrə bir sıra cinayət faktlarının qarşısını alıblar.

Polis əməkdaşları əməliyyat tədbirləri nəticəsində dələduzluq cinayətinə görə axtarışda olan 9 nəfəri saxlayaraq istintaqa təhvil veriblər.

Eyni zamanda, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində ümumi çəkisi 67,4 kiloqrama yaxın narkotik vasitə və güclü təsiredici xassəyə malik 2000 ədəd metadon həbi aşkar edilərək götürülüb. Həmçinin, yabanı halda bitmiş 4000 ədəd çətənə kolu müəyyən olunaraq məhv edilib.

Qanunsuz silah dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı isə paytaxt və respublikanın müxtəlif rayonlarında 5 avtomat silahı, 3 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Bundan başqa, Abşeron rayonunun Masazır qəsəbəsində sürücülər arasında baş vermiş insident də polis tərəfindən araşdırılıb. Araşdırmalar nəticəsində “Mercedes” markalı, Az 77 UE 011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin avtomobil cərimə meydançasına yerləşdirilib, sürücü barəsində qanunvericiliyə uyğun hüquqi tədbirlərin görüldüyü bildirilib.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən digər əməliyyat zamanı Masallı Rayon Polis Şöbəsinin əməkdaşları əvvəllər məhkum olunmuş 43 yaşlı Cavat Qasımovu saxlayıblar. Onun üzərindən və yaşadığı ünvandan ümumilikdə 7 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Cavat Qasımov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyindən bildirilib ki, cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qanunsuz silah saxlama hallarına qarşı qətiyyətli mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.