Rabitabank-ın İdarə Heyəti sədrinin müavini Ramil Nəsibov: “Digital-first” dövrü geridə qalır, gələcəyin strategiyası “AI-first” olacaq

“Digital-first” dövrü geridə qalır, gələcəyin strategiyası “AI-first” olacaq
“GDP Media”xəbər verir ki, Rabitabank-ın İdarə Heyəti sədrinin müavini və Baş İnformasiya Direktoru (CIO) Ramil Nəsibov hesab edir ki, maliyyə sektorunda rəqəmsal transformasiyadan sonra növbəti böyük mərhələ süni intellekt transformasiyası olacaq.
Onun sözlərinə görə, son 10 ildə maliyyə sektoru əhəmiyyətli rəqəmsal dəyişikliklərdən keçib. Bu müddət ərzində proseslər onlayn mühitə köçürülüb, mobil tətbiqlər istifadəyə verilib, əməliyyatlar avtomatlaşdırılıb, yeni rəqəmsal xidmətlər yaradılıb və müştəri təcrübəsi davamlı şəkildə təkmilləşdirilib.
Ramil Nəsibov bildirib ki, Rabitabank hər zaman texnoloji yeniliklərlə ayaqlaşmağa, bəzi hallarda isə bazardan bir addım öndə olmağa çalışıb. Onun sözlərinə görə, bank ölkədə müştərilərə məlumat almaqla yanaşı, ödənişlər, köçürmələr və maliyyə əməliyyatlarını birbaşa mesajlaşma platformaları üzərindən həyata keçirməyə imkan verən maliyyə çatbotunu istifadəyə verən ilk banklardan biri olub. Daha sonra isə bazarın ən funksional mobil bankçılıq tətbiqlərindən biri yaradılıb və rəqəmsal innovasiyalara investisiyalar davam etdirilib.
“Bu gün artıq aydın görünür ki, rəqəmsal transformasiyanın növbəti mərhələsi süni intellekt transformasiyasıdır. Rəqəmsallaşma artıq rəqabət üstünlüyü deyil, bazarda fəaliyyət göstərmək üçün əsas tələblərdən birinə çevrilib. Əsl transformasiya süni intellektin insanlara sadəcə dəstək verməkdən çıxaraq biznes proseslərinin fəal iştirakçısına çevrildiyi mərhələdə baş verir”, – deyə Ramil Nəsibov vurğulayıb.
O qeyd edib ki, növbəti inkişaf mərhələsi “Agentic AI” texnologiyalarının tətbiqi ilə bağlıdır. Bu texnologiyalar artıq yalnız çatbot və ya virtual köməkçi funksiyasını yerinə yetirmir. Süni intellekt agentləri tapşırıqları müstəqil şəkildə icra edə, müxtəlif sistemlərlə qarşılıqlı əlaqə qura, məlumatları təhlil edə, müəyyən edilmiş çərçivələr daxilində qərarlar qəbul edə və konkret məqsədlərə nail olmaq üçün fəaliyyət göstərə bilirlər.
Ramil Nəsibovun sözlərinə görə, süni intellekt artıq təkcə müştəri xidmətlərini deyil, kreditləşmə, risklərin idarə olunması, uyğunluq (compliance), əməliyyatlar, satış və daxili bank proseslərini də dəyişdirməyə başlayıb.
“Artıq əsas sual təşkilatların süni intellekti tətbiq edib-etməyəcəyi deyil. Əsas məsələ onların proseslərini, komandalarını və korporativ mədəniyyətlərini bu yeni reallığa nə qədər sürətlə uyğunlaşdıra bilmələridir”, – deyə o bildirib.
Rabitabank AI transformasiyasını ayrıca layihə deyil, rəqəmsal transformasiyadan sonrakı inkişafın təbii mərhələsi kimi qiymətləndirir. Bank hesab edir ki, süni intellekt əməliyyat səmərəliliyinin artırılması, müştəri təcrübəsinin yaxşılaşdırılması və tamamilə yeni xidmətlərin yaradılması üçün geniş imkanlar açır.
“Əgər dünənin strategiyası ‘Digital-first’ idisə, gələcəyin strategiyası ‘AI-first’ olacaq”, – deyə Ramil Nəsibov əlavə edib.

