Çempionlar Liqasında bütün iştirakçılar bəlli oldu: “Sabah”ın yolu

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə iştirak edəcək komandalar müəyyənləşib.
42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, turnirdə ümumilikdə 81 klub mübarizə aparacaq.
Onlardan 36-sı əsas mərhələdə çıxış edəcək. Bu komandalardan 29-u artıq bəllidir. Daha 7 klub isə təsnifat mərhələlərinin yekununda müəyyənləşəcək. Həmin komandalardan 5-i çempionlar yolundan, 2-si isə liqa yolundan əsas mərhələyə vəsiqə qazanacaq.
Əsas mərhələdə İngiltərədən “Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “Aston Villa” və “Liverpul” iştirak edəcək. İtaliyanı “İnter”, “Napoli”, “Roma” və “Komo”, İspaniyanı isə “Barselona”, “Real Madrid”, “Vilyarreal”, “Atletiko” və “Betis” təmsil edəcək.
Almaniyadan “Bavariya”, Dortmund “Borussiya”sı, “Leyptsiq” və “Ştutqart”, Fransadan PSJ, “Lans” və “Lill” əsas mərhələdə yer alacaq. Bundan başqa, PSV, “Feyenoord”, “Portu”, “Sportinq”, “Brügge”, “Slaviya”, “Qalatasaray” və “Şaxtyor” da birbaşa əsas mərhələdə çıxış edəcək. Türkiyənin digər təmsilçisi “Fənərbaxça” isə Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
Ölkəmizi isə qitənin ən nüfuzlu futbol turnirində “Sabah” təmsil edəcək. Komandamız mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. “Bayquşlar” çempionlar yolunda yer alıb.
Təsnifat mərhələlərinin oyunları 7-8 iyulda start götürəcək. Əsas mərhələ isə sentyabrın 8-10-da başlayacaq.
Final oyunu 2027-ci il iyunun 5-də Madriddə keçiriləcək.
