Nazir müavini: “Bir Pəncərə” mərhələli şəkildə bütün xarici ticarət proseslərini əhatə edəcək

“Bir Pəncərə” informasiya sistemi mərhələli şəkildə bütün xarici ticarət proseslərini əhatə edəcək.

APA-Economics” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda keçirilən “Bir pəncərə” informasiya sistemi – Rəqəmsal Logistika Platformasının rəsmi təqdimat mərasimində çıxışı zamanı bildirib.

O bildirib ki, layihənin ilk mərhələsində bitki və bitkiçilik məhsullarının ixracı üzrə proseslərin rəqəmsallaşdırılmasına üstünlük verilib;

“Hazırda ‘Bir Pəncərə’ İnformasiya Sistemi (İS) – Rəqəmsal Logistika Platforması üzərindən fumiqasiya aktı və ixrac gömrük bəyannamələri üzrə müraciətlər vahid rəqəmsal mühitdə həyata keçirilir. Əldə olunan ilkin nəticələr platformanın inzibati yükün azaldılması və xidmətlərin daha operativ göstərilməsi baxımından real dəyər yaratdığını göstərir. Növbəti mərhələlərdə bütün idxal, ixrac və tranzit proseslərinin platforma üzərindən idarə olunması nəzərdə tutulur. Paralel olaraq digər dövlət qurumlarının sistemə inteqrasiyası istiqamətində işlər davam etdirilir”.