İran səfiri: “Yaxın Şərqin təhlükəsizliyini yalnız regional ölkələr təmin etməlidir”

İranın  Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bildirib ki, Yaxın Şərqdə sabitlik və təhlükəsizlik yalnız region ölkələrinin qarşılıqlı əməkdaşlığı və xarici müdaxilə olmadan təmin edilə bilər.

Vətəninfo.az xəbər verir ki, səfir Minval Politika nəşrinə müsahibəsində qeyd edib ki, son geosiyasi hadisələr ABŞ və İsrailin regionda uzunmüddətli hərbi bazalar və hərbi-siyasi bloklar yaratmaq siyasətinin uğursuz olduğunu göstərib.

Onun sözlərinə görə, bu bloklar təhlükəsizlik yaratmaq əvəzinə, qonşu ölkələr üçün əlavə təhdid mənbəyinə çevrilib və regionda qeyri-sabitliyi daha da artırıb.

Dəmirçilu vurğulayıb ki, İran xarici siyasətində dost və qonşu dövlətlərlə münasibətlərin inkişafına üstünlük verir və bu baxımdan Azərbaycan xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, Bakı ilə əlaqələrin hərtərəfli genişləndirilməsi hər iki ölkənin milli maraqlarına uyğundur.