Məşhur rejissordan səs-küylü “Dante kodeksi” açıqlaması

Amerikalı tanınmış rejissor Culian Şnabel yeni çəkdiyi “Dante kodeksi” filmində baş rolu yaxın dostu Conni Deppin deyil, başqa bir aktyorun ifa etdiyinin səbəblərini açıqlayıb.
42-ciparalel.az Kulis.az-a istinadən xəbər verir ki, rejissor bu barədə “Qazeta.ru” nəşrinə verdiyi xüsusi müsahibəsində danışıb.
Layihəni Conni Depp gətiribmiş, amma…
Rejissor bildirib ki, Conni Depplə hələ 90-cı illərdən, aktyorun da rol aldığı “Gecə düşmədən” filmindəki birgə işlərindən sonra çox yaxın dost olublar. Əslində, Nik Toşesin qələmə aldığı “Dante kodeksi” romanının ekranlaşdırma hüquqlarını da vaxtilə məhz Conni Depp alıb.
“Nik Conninin yaxın dostu idi və Depp ona həmişə böyük hörmətlə yanaşıb. Bir gün Conni mənə film çəkmək istədiyi bir neçə kitab göstərdi. Mən isə onların arasından bəlkə də ən çətinini – məhz bunu seçdim. Başlanğıcda Nik rolunu Conninin özünün oynayacağını düşünürdüm. Lakin həyat öz düzəlişlərini edir. Planlar dəyişdi, o başqa layihələrə yönəldi, mən isə ssenari üzərində işləməyə davam etdim,” – deyə Şnabel vurğulayıb.
Rejissor əlavə edib ki, sonradan müəllif Nik Toşes və layihənin icraçı prodüseri Qreq Çimino ilə şəxsən tanış olub. Ssenarini oxuyan və çox bəyənən Toşes filmi məhz Şnabelin çəkməsini istəyib.
8 il gözləyən Oskar Ayzek: “O elə Dantenin özüdür”
Nəticədə, filmin baş rolu çəkilişlərdən hələ çox illər əvvəl bu layihədə yer almaq istəyən Oskar Ayzekə qismət olub. Şnabel Ayzekin aktyorluq qabiliyyətini və layihəyə olan sevgisini yüksək qiymətləndirib:
“Oskar mənim dostum və mükəmməl aktyordur. O, ssenari ilə hələ 8 il əvvəl tanış olmuş və mənə belə demişdi: “Əgər Conni çəkilməyəcəksə, mən bu rolları – Niki və Danteni böyük məmnuniyyətlə oynayardım” Hesab edirəm ki, Oskar bir aktyor kimi istənilən obrazın öhdəsindən gələ biləcək gücdədir. Hazırda isə o, karyerasının ən zirvə nöqtəsindədir. Onun bu filmdəki oyunu… Mənim üçün buna ‘oyun’ demək belə çətindir… Mənə elə gəlir ki, o elə Nik və Dantenin özüdür”.
