İkinci Opera Günləri “Otello”nun premyerası ilə yekunlaşdı

Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin “Otello” operasının premyerası keçirilib.
42-ciparalel.az Kulis.az-a istinadən xəbər verir ki, premyera ilə eyni zamanda II Opera Günlərinin təntənəli bağlanış mərasimi də baş tutub.
Əməkdar artist Əyyub Quliyevun dirijorluq etdiyi tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Zeynalov, kostyum üzrə rəssam Ulya Abdullayeva, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysterlər isə Daniil Kirillov, Roza Səlimova və Tofiq Şıxıyev olublar.
Premyerada əsas partiyaları Azərbaycanın tanınmış opera solistləri ifa ediblər. Otello obrazını Xalq artisti Azər Zeynalov, Dezdemona partiyasını Əməkdar artist Afaq Abbasova, Yaqo rolunu Əməkdar artist Anton Ferştandt, Kassio partiyasını Əməkdar artist Tural Ağasıyev, Emiliya rolunu Nina Makarova, Rodriqo partiyasını Əməkdar artist Əliəhməd İbrahimov, Lodoviko obrazını Xalq artisti Əkrəm Poladov, Montano rolunu İqor Yadrov, Herold partiyasını isə Ruslan Persan canlandırıblar.
