Kabo-Verde mundialda tarix yazıb: UNİKAL GÖSTƏRİCİ

Kabo-Verde yığması DÇ-2026-nın qrup mərhələsində növbəti xalını qazanıb.

42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, Afrika təmsilçisi H qrupunun II turunda Uruqvayla 2:2 hesablı heç-heçə edib. Kabo-Verde hesabı birbaşa cərimə zərbəsindən vurulan qolla açıb.

“Opta”nın məlumatına görə, Kabo-Verde mundiallar tarixində debüt qolunu birbaşa cərimə zərbəsindən vuran ilk komanda olub. Tarixi qolun müəllifi “Krasnodar”ın yarımmüdafiəçisi Kevin Pina olub. Zərbə 32 metrdən vurulub və DÇ-2026-nın indiyədək ən uzaq məsafədən qeydə alınan qolu sayılır.

Qeyd edək ki, Kabo-Verde I turda İspaniya ilə qolsuz heç-heçə etmişdi. Uruqvay isə Səudiyyə Ərəbistanı ilə oyundan 1 xalla ayrılmışdı – 1:1. H qrupunun son turunda Uruqvay İspaniya ilə, Kabo-Verde isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Hər iki oyun iyunun 27-də keçiriləcək.