Taleh Kazımov: Azərbaycan İslam maliyyəsi ekosisteminin formalaşmasında qlobal körpü rolunu oynamağa hazırdır

Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov İslam İnkişaf Bankı (İİB) Qrupunun 20-ci Forumunda çıxış edərək ölkəmizin İslam maliyyəsinin tətbiqi sahəsində apardığı islahatlar, qarşıda duran hədəflər və qlobal əməkdaşlığa açıqlıq barədə ətraflı məlumat verib.

“GDP Media” xəbər verir ki, forumda çıxış edən Kazımov vurğulayıb ki, tarixən ticarət və sivilizasiyaların kəsişmə nöqtəsində yerləşən Azərbaycan bu gün də qlobal iqtisadi parçalanma və artan qeyri-müəyyənlik şəraitində adaptiv və inklüziv maliyyə sistemlərinin qurulmasına töhfə verməyə hazırdır. Onun sözlərinə görə, riskin bölüşdürülməsi və etik prinsiplərə əsaslanan İslam maliyyəsi bu baxımdan mühüm praktiki alətlər təklif edir.

Mərkəzi Bank sədri ölkədə İslam maliyyəsinin uğurlu tətbiqi üçün iki əsas istiqaməti – hüquqi bazanın təkmilləşdirilməsi və insan resurslarının inkişafını prioritet olaraq müəyyənləşdirib.

O, bu sahədə artıq mühüm addımların atıldığını bildirib. Mülki Məcəlləyə, Vergi Məcəlləsinə və maliyyə qanunvericiliyinə konvensional və İslam maliyyəsi arasında neytral rəftarı təmin edən dəyişikliklər edilib. Bazar iştirakçılarının hazırlıq səviyyəsi nəzərə alınaraq, öncə İslam pəncərələri modeli ilə başlanılacaq, sonrakı mərhələdə tələbin monitorinqi əsasında tam miqyaslı tətbiq barədə qərar qəbul ediləcək.

Kazımov diqqətə çatdırıb ki, hazırda Mərkəzi Bankın nəzarəti altında iki kommersiya bankı Tənzimləyici Qum Qurğusu rejimində ilk İslam maliyyə məhsullarını – Mürabahə (xərc artımı ilə satış) və Mudarabə (mənfəət bölgüsü tərəfdaşlığı) alətlərini sınaqdan keçirir.

Bundan başqa, İslam İnkişaf Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində Azərbaycanda Sukuk (İslam istiqrazları) üçün əlverişli mühitin yaradılması işləri davam edir. Bu layihənin nəticəsində güclü hüquqi və tənzimləyici baza formalaşacaq, maliyyə institutlarının potensialı artacaq və nəhayət, ölkənin ilk sukuk emissiyası həyata keçirilərək maliyyə sektorunun şaxələndirilməsinə nail olunacaq.

Taleh Kazımov çıxışında davamlı inkişaf məsələsinə də toxunub. O qeyd edib ki, Azərbaycan ESG (ekoloji, sosial və idarəetmə) faktorlarını milli strategiyaya inteqrasiya edib və İslam maliyyəsi real iqtisadi fəaliyyətə dəstək, spekulyasiyadan qaçış və sosial rifahın prioritetləşdirilməsi ilə bu hədəflərə tam uyğunlaşır.

İkinci mühüm istiqamət kimi insan kapitalının inkişafı göstərilib. Bu çərçivədə yerli maliyyə qurumlarının, nəzarətçilərin, müstəqil auditorların və vasitəçilərin bilik və bacarıqlarının artırılması üçün qlobal tərəfdaşlarla birgə seminarlar və təlimlər təşkil olunacaq.

Kazımov vurğulayıb ki, növbəti mərhələ təkcə milli səylər deyil, kollektiv fəaliyyət tələb edir. Forumun ən dəyərli nəticəsinin üzv ölkələr arasında institusional əməkdaşlığın gücləndirilməsi olacağına inamını ifadə edib.

O, sözlərini belə tamamlayıb: “Coğrafiya şəraitimizi müəyyən edir; istiqamət gələcəyimizi müəyyən edir. Biz hara getdiyimizi və ora necə çatacağımızı aydın şəkildə görürük. Tariximiz həmişə kəsişmə nöqtələri ilə müəyyən olunub; qoy gələcəyimiz bu gün burada qurduğumuz əlaqələrlə müəyyən olunsun.”

Qeyd edək ki, İslam İnkişaf Bankı Qrupunun 20-ci Forumuna ev sahibliyi etmək Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi dəyərləndirilir.