Azərbaycanlı müəllifin əsəri Qərbi Sibir səhnəsində

Rusiya Federasiyasının Qərbi Sibir regionunda yerləşən Xantı-Mansi Muxtar Dairəsinin Nefteyuqansk şəhərində azərbaycanlı yazıçı-dramaturq Vüqar Haqverdiyevin “Pis uşaqlar planeti” pyesi əsasında hazırlanmış “Düzəlmə planetinə səyahət” (“Путешествие на планету исправлений”) tamaşasının premyerası olub.
Müəllifin kulis.az-a verdiyi məlumata görə, şəhərin “Yunost” Mədəniyyət Mərkəzində böyük anşlaqla baş tutan premyera izləyicilərin alqışları ilə müşayiət olunub.
Tamaşa Rusiyanın nüfuzlu “Zvezda Teatrala” (“Звезда Театрала”) mükafatının laureatı olan “Çayka” Gənclər Teatr-Studiyası tərəfindən səhnələşdirilib.
Tamaşada studiyanın müxtəlif yaş qruplarını təmsil edən istedadlı aktyorlar çıxış ediblər.
Səhnə əsərinin quruluşçu rejissoru teatrın rəhbəri Larisa Miroslavina, tərtibatçı rəssamı Marina Vixrova, işıq rejissoru Sergey Katanenko, səs rejissoru isə Konstantin Fridrixdir. Səhnə arxasında aktyorların və texniki heyətin koordinasiyasını rejissor köməkçiləri Mixail Nefedov və Violetta Proxorova həyata keçiriblər.
Qeyd edək ki, “Pis uşaqlar planeti” pyesi son illərdə Rusiyanın müxtəlif bölgələrində, o cümlədən Sankt-Peterburq, Vıborq, Yamal və Omskda uğurla səhnələşdirilərək tamaşaçılara təqdim olunub.
