Azərbaycanlı rejissor “Gələcəyin təlimatçısı” adına layiq görüldü

Azərbaycanlı teatr rejissoru, müəllim və dOM Müstəqil Teatrının təsisçisi Tərlan Rəsulov Moskvadakı XTNS-də keçirilən “Birincilər Hərəkatı Festivalı” adlı 5-ci yubiley Beynəlxalq Uşaqlıq və Gənclik Festivalında iştirak edib və orada “Gələcəyin təlimatçısı” adına layiq görülüb.
42-ciparalel.az Kulis.az-a istinadən xəbər verir ki, festival çərçivəsində Tərlan Rəsulov komanda işinin, qarşılıqlı etimadın və yaradıcılıq potensialının ortaya çıxarılması bacarığının inkişafına həsr olunmuş “Sizin enerjiniz. Sizin komandanız. Sizin səhnəniz” adlı interaktiv təlim sessiyası keçirib.
“Uşaqlarla öyrədici dildə deyil, yaşanan təcrübənin dilində danışmaq mənim üçün vacib idi. Yeniyetmələr bir-birini dinləməyə, bir-birlərinə etibar etməyə və birlikdə bir şey yaratmağa başlayanda, əsl birlik hissi yaranır”, – deyə Tərlan Rəsulov qeyd edib.
Festival “Birliyin gücü. Uşaqlıq enerjisi. Kəşflər dövrü” devizi altında keçirilir. O, Rusiyada ən böyük uşaq və gənclər platformalarından biridir, həmçinin müxtəlif bölgələrdən və ölkələrdən yeniyetmələri, təlimatçıları, qonaqları bir araya gətirir.
