“Paxıllıq qabiliyyətin yoxluğundan doğar…” – Abbasqulu ağa Bakıxanovun aforizmləri

Bu gün şairi yazıçı, alim, mütəfəkkir və tərcüməçi, Azərbaycanın ilk tarixçisi hesab olunan Abbasqulu ağa Bakıxanovun anım günüdür.
42-ciparalel.az Kulis.az-a istinadən onun aforizmlərini təqdim edir.
Ağılla dərk edirik nöqsan cəhətləri biz,
Nöqsanını dərk edən ağıllıdır, şübhəsiz.
***
Alçaq və boşboğaz çərənçilərdən və axmaqlardan uzaq ol ki, özün də elə olmayasan.
***
Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir.
***
Bağışlamaq əxlaqın ən gözəlidir. Lakin bu bağışlamaqdan zülm doğmamalıdır.
***
Başqasına pislik etməyə çalışan bir adama yaxşılıq eləmə. Bu pislərə yaxşılıq etmək, yaxşılara pislik etmək kimi bir şeydir.
***
Bekarçılıqdan qorx ki, ən böyük eyib odur. Dünyada heç bir şey bekarçılıqdan pis ola bilməz… Sən əgər bekar otursan, deməli, daş və palçıq səndən daha yaxşıdır, çünki onlar heç olmazsa, ev tikmək işində kara gəlirlər.
***
Bədbəxt o adama deyərlər ki, başqasına yaxşılıq etməyi bacardığı halda, etməsin.
***
Bir adama nəsihət vermək istəyirsənsə, onu adam içində eləmə ki, qəbul etməz və səndən inciyər.
***
Bir işin tədbirində tələsmə, icrasında isə tələs. Çünki bir işi anlamaq üçün çox vaxt lazımdır, icra üçün az.
***
Bütün dinlərin, hətta bütpərəstlərin belə yaxşı inandıqları odur ki, hər pis əməlin bir cəzası vardır. Hər kəsə nə yaxşılıq, nə pislik etsən, deməli, özünə edirsən.
***
Bütün fitnə-fəsadların nəticəsi avaralıq olduğu təcrübədə yoxlanılmışdır. Avara adam öz insanlıq vəzifəsini unudaraq başqasına yük olur.
***
Dəniz özü üçün dalğalanır, çöpə isə elə gəlir ki, dəniz onun üçün dalğalanır.
***
Dostu çox olan adamlar xoşbəxtdirlər.
***
Elə danış ki, sonradan onu xatırlamağa məcbur olmayasan.
***
Hər kəs sənə başqasının eybini açıb desə, ondan uzaq gəz, çünki o sənin eybini də başqalarına söyləyər.
***
İnsan hirslənəndə əqli yerindən oynayır. Belə hallarda heç bir iş görmə.
***
İnsan təbiətinin başlıca mənəvi tələbi eşqdir.
***
İnsan yaxşı əməldən iki dəfə zövq alar: birisi onu edən zaman, ikincisi əvəzini görən zaman.
***
Paxıllıq qabiliyyətin yoxluğundan doğar. Hər kəs öz qüvvəsinə inansa, o, istədiyini əldə etməyə qadirdir.
***
Təvazökarlığı alçaltmaq dərəcəsinə çatdırmaqdan çəkinin.
***
Zamanın ruhu və hər bir xalqın təhsili həmişə ədəbiyyatda və digər abidələrdə əks olunur.
***
Zülm, həsəd, hiylə ilə bu dünyada iş aşmaz.
