Search for:

Təlim, tərbiyə və təhsildə qədirbilənlik

Paylaş:

42ci-paralel.az



Buludxan
Xəlilov,



filologiya
üzrə elmlər doktoru, professor






Bəxtiyar
Vahabzadə: Təlim, tərbiyə və təhsildə



qədirbilənlik






“Bəxtiyar
Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli
simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi
məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və
ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol
oynamışdır. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması
Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil
edirdi”.



(Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin Bəxtiyar Vahabzadənin 90 illik
yubileyinin keçirilməsi haqqında 14 yanvar 2015-ci il tarixli sərəncamından)

Bəxtiyar Vahabzadə harda olmasından asılı olma­ya­raq
qeyri-adi, xoşagələn nəyi görmüşsə, onu da təbliğ etməyi, yaymağı özünə borc
bilmişdir. O, öyrən­dik­lərini, gördüklərini, bildiklərini paylaşmağı özünə bir
borc bilmişdir. Yazı-pozularının, məqalələrinin hər birində bunu görməmək
mümkün deyildir. Bu mənada Portuqaliyaya səfərinin təəssüratları ilə bağlı
yazdığı onun “Döyüşən Portuqaliya” məqaləsində oxuyuruq: “Noyabrın 11-də qədim
Kasambro şəhərinə getdik. Bu şəhər XIII əsrdə yaradılmış universiteti və Kral
Don Deniş tərəfindən 1723-cü ildə yaradılmış nəhəng kitab­xanası ilə fəxr edir.
Universitetin hər fakültəsi ayrıca binada yerləşir. Hər fakültə binasının qapı
tağı üstündə həmin fakültənin emblemi həkk edilmişdir. Məsələn, hüquq fakültəsi
yerləşən binanın tağına tərəzi emblemi (günahı və savabı ölçmə aləti kimi)
vurulmuşdur.

Elmi şura iclasları gedən salonun divarlarında XIII
əsrdən bu günə qədər universitetin bütün rektorlarının şəkli asılmışdır”. Əlbəttə, universitetlərin müasirliyi
vacib məsələdir. Hər bir fakültənin emblemlərinin olması həmin fakültənin
özünəməxsusluğundan xəbər verir. Eləcə də hər bir fakültənin kitabxanasının,
oxu zalının, muzeyinin, arxivinin olması müasirlikdən və universitetin geniş
imkanından xəbər verir.

Bəxtiyar Vahabzadə Kral Don Denişin yaratdığı
kitabxanadan bəhs edərək qeyd edir ki, kitabxanada X əsrdən bəri dünyanın
müxtəlif dillərində yazılmış milyon yarım kitab var. “Kitabxana elm sahələrinə
görə müxtəlif şöbələrə ayrılmışdır. Hər şöbənin öz salonu, hər elm sahəsinin öz
emblemi var. Məsələn, həndəsə və riyaziyyata aid salonun binasında pərgar və
xətkeş şəkli həmin elm sahəsinin emblemi hesab olunur”.
Yaxşı bir nümunə kimi qeyd olunanlardan faydalanmaq olar və bunları
universitetlərin simasına çevirmək mümkündür. Əsas odur ki, Bəxtiyar Vahabzadə
ona yeni görü­nən­lərin hər birindən bəhs edir, yazır və geniş auditoriyanın
marağına çevirirdi.

Bəxtiyar Vahabzadə vətənə, xalqa bağlı olan hər bir
şeyə dəyər verir, ona öz şair, müəllim, vətəndaş möv­qe­yini bildirirdi. Onun
fikrincə, dahilər dahilik səviyyəsinə xalqa, vətənə bağlılıq hissindən
yüksəlirlər. Onlar öz duyğularını, istəklərini vətənin arzu və istəyi ilə
yoğururlar.

Bəxtiyar Vahabzadə müəllimlərin XI qurultayındakı
çıxışını “Əziz və hörmətli müəllimlər!” adı ilə 1978-ci ildə çap etdirdi. Və
“Müəllim bizim ilk dostumuz, mə­nəvi atamız, anamızdır” dedi. O, müəllim
kimdir? sua­lına cavab verdi. Müəllimi planetimizin hörmət et­diyi, fəxri
sayılan şəxsiyyəti kimi qiymətləndirdi. Müəllim haqqında dəqiq və konkret
fikirlər söylədi: “Bizi hələ uşaq ikən böyük fikirlər və böyük əməllərlə silah­lan­dıran,
gözümüzü dünyaya açan, əllərimizdən tutub bizi sirlər dünyasına aparan, bizə
uçmaq üçün qanad verən müəllimlərimizdir. Müəllim

Müəllim bağbandır. Ancaq həqiqi bağban təbiətdə baş
salırsa, müəllim isə cəmiyyətdə baş salır. Onun ək­diyi toxumlar cəmiyyətə
fayda verir. Cəmiyyəti irəliyə aparır, cəmiyyəti inkişaf etdirir.

Bəxtiyar Vahabzadə yazır: “Müəllim hələ ayna kimi
saf olan uşaq beyninə pis toxumlar da əkə bilər, gözəl və faydalı toxumlar da.
Pis toxumların məhsulu qanqal, kol – kos, yaxşı toxumların məhsulu isə qızılgül
və faydalı meyvələr olar. Buradan müəllimin cəmiyyətdəki yeri aydın olur”.

Bəxtiyar Vahabzadə müəllimliyi peşə deyil, sənət
adlandırır: “Çünki doğrudan da uşaq beynində ilk naxışlar açan müəllimə peşəkar
yox, sənətkar demək lazımdır”

4

.

Bəxtiyar Vahabzadə orta məktəbi bitirən məzunlara
uğurlu yol arzulayır, onların həyatda büdrəməmələri üçün yollar göstərirdi.
Orta məktəbi bitirən gənclərə müraciətini 1977-ci ildə “Son zəng” adı ilə çap
edərək bütün gənclərə çatdırırdı. Yaxşı və gözəl ənənələri yük­sək
qiymətləndirirdi. Bu mənada Azərbaycanın müxtəlif məktəblərindən yaxşı
örnəkləri təbliğ edirdi. Belə örnəklərdən biri də Şəkinin Oxud məktəbinə aid
idi. Bu məktəbin ənənəyə çevirdiyi bir iş Bəxtiyar Vahabzadəni də heyran edir.
Belə ki, iyul ayının son günlərində o, universitetə gedirmiş. Görür ki, Sabir
bağının yanında bir avtobus dayanır. Avtobusdan əllərində gül-çiçək dəstəsi
olan oğlan və qızlar düşür. Gül-çiçək dəstəsini Sabirin heykəli qarşısına qoyub
Sabirdən şeir deməyə başlayırlar. Bu mənzərəni seyr edən Bəxtiyar Vahab­zadə
onlara yaxınlaşır. Hələ gənclik illərindən tanıdığı Nurpaşa Hümmətovu görür.
Nurpaşa müəllim filologiya üzrə fəlsəfə doktoru, Şəki rayonunun Oxud kəndində
məktəb direktoru, ömrünü maarifə həsr etmiş, Azər­bay­can dilinin tədrisi meto­dika­sına
dair onlarla məqalə yazmış müəllim idi. Söhbətdən aydın olur ki, o, hər il
məktəbi qurtaran uşaqları son imtahandan sonra Şa­ma­xıya və Bakıya gətirir,
böyük sənətkarların məzar­la­rını ziyarət edir, ev muzeylərini gəzir,
heykəlləri qarşısına gül-çiçək dəstələri qoyurlar. Şagirdlər məktəbi qur­tar­ma­ları
barədə raport verir, Vətənə, xalqa xidmət edəcəklərinə and içirlər. Bəxtiyar
Vahabzadə dayanıb şagirdləri bir-bir dinləyir. Hətta şagirdlərdən Sabir Rəhimov
adlı birisinin M.Ə.Sabirin heykəli qarşısında söylədiyini böyük bir amal, əqidə
hesab edir: “Böyük şair, böyük vətəndaş, mən sənin adını daşıyıram. Adı
daşımağa nə var ki, mən çalışacağam ki, sənin əməl­lə­rini, sənin fikirlərini
qəlbimdə daşıyam. Vətənimi sənin kimi sevim, sənin kimi şair olmaq hər adamın
işi deyil. Mən çalışacağam ki, sənin kimi yaxşı vətəndaş olum!”

1

.

Bəxtiyar Vahabzadəyə Nurpaşa müəllim Oxud mək­təbi
barədə maraqlı məlumat verir. Bəxtiyar Vahabzadə Oxud məktəbinə gələcəyinə söz
verir. Bəxtiyar Va­habzadə sentyabr ayında Oxud məktəbində olur. Mək­təbdə onun
diqqətini çəkənlər bunlar olur. “Nümunəvi atalar və analar” başlığı altında
verilən lövhə. Lövhədə kəndin qabaqcıl adamlarının şəkilləri asılmışdı. Mək­təbdəki
yeməkxana, klub, emalatxana, geniş üzgüçülük hovuzu, linqafon kabinetər, zəngin
radio qov­şağı, mək­təb­dən evlərə verilən radio verilişləri adamın ürə­yi­ni
dağa döndərir. Bəxtiyar Vahabzadə bü­tün bunların hamısını cəmiyyət üçün
faydalı hesab edir. Odur ki, o, orta məktəb müəllimi deyəndə iki müəl­limi
yaxşı mə­na­da yadından çıxarmırdı: birisi İbrahim Cəfər, digəri Nurpaşa
müəllim. O yazırdı: “Müəllim dediyim zaman həmişə orta məktəbdə ədəbiyyat
müəllimim İbrahim Cəfər, bir də Nurpaşa müəllim yadıma düşür. Nurpaşa müəllim
başdan – başa ruhdur, mənəviyyatdır, fikirdir, düşüncədir. Səhərdən – axşama
qədər məktəbdə sevimli şagirdlərinin yanındadır”.

Bəxtiyar Vahabzadə orta məktəblərə getmək, mək­təb­lərdəki
vəziyyəti öyrənmək, yaxşı müəllimlərin işini yaymaq, təbliğ etmək baxımından
heç kəsə bənzəməyən bir ömür yaşamışdır. O, görüşlərdə alim kimi də, müəl­lim
kimi də öyrənməyə həmişə üstünlük vermişdir. Ona görə də öyrənə bilmədiyi
məktəblər barədə öz hissini, mövqeyini gizlətməmişdir. Məsələn, vaxtilə orta
təhsil aldığı məktəbə dəvət olunsa da, oradakı ədəbiyyat müəl­liminin məruzəsi
onu razı salmamışdır. 1978-ci ildə “Dili yoxdur, o danışır” məqaləsində
yazırdı: “Müəllim öz üzərində çalışmırsa, onun şagirdlərindən nə gözləyə bilərik?
Həmin görüşdə mən bu məsələyə çox ciddi şəkildə toxundum. Hiss etdim ki,
“zəhmət çəkib” haq­qımda yazılanları varağa köçürən müəllim çıxışımdan narazı
qaldı. Olsun! Lakin mən buna əminəm ki, həmin müəllim ədəbiyyatın bir elm, bir
sənət olaraq nə mahiyyətini, nə məqsədini, nə də xüsusiyyətini bilir. O, bədii
əsərlərdən həzz almır. Ona görə də bu müəllimin zövqü və hissi formalaşmaq üzrə
olan balalarımıza ədəbiyyatı sevdirə biləcəyinə inanmaq çətindir”

2

.

Bəxtiyar Vahabzadə öyrənməyi çox üstün tuturdu. Hətta
ağsaqqaldan, ağbirçəkdən, el-obanın hörmətli adamlarından öyrənməyi, müdrik
məsləhətləri din­lə­məyi özünə borc bilirdi. Bir sözlə, Bəxtiyar Vahabzadə
insanların arasında olmaq, adət – ənənələrini gözü ilə görmək, qarşılıqlı inam
və etiqad və s. məsələlərə böyük ehtiramla yanaşırdı. Onun fikrincə,
qədir-qiymət, xətir-hörmət bilinməyən yerdə nə xeyir olar, nə bərəkət. Belə
yerdə çəkilən zəhmətin bəhrəsi də olmaz. Bu mənada Ağdamın Novruzlu kəndinin
sakini 90 ilə yaxın yaşamış Hüseyn kişinin həyat yolu, tutduğu mövqe onun
tərəfindən qiymətləndirilirdi. Çünki Hüseyn kişi bu dünyaya nə üçün
gəlməyimizin, nəyin naminə çalış­mağımızın, nədən ötrü yaşamağımızın mənasını
yaxşı bilirdi. Ona görə də el arasında dərin hörmət qazan­mışdı. Təsadüfi deyil
ki, onun dəfni zamanı mənalı söhbətlər və ibrətamiz şeirlər cavanlarımızı
şərəflə yaşamağa təlimatlandırmışdır. Ona görə də Bəxtiyar Vahabzadə 1976-cı
ildə “Xətir-hörmət, qədir-qiymət” məqaləsini yazmışdı

1

.
Bu məqalə vasitəsilə Bəxtiyar Vahabzadə xalq pedaqogikasından öyrənməyi, xalqın
hörmət və ehtiram bəslədiyi el ağsaqqallarından öyrənməyi vacib bilirdi.

Yaxşıların tez-tez xatırlanmasını, yaxşı müəl­lim­lərdən
məqalə yazmağı bir təskinlik, rahatlıq kimi qəbul edən Bəxtiyar Vahabzadənin
dostu Nurəddin Rzayevin “Yaşatmaq yanğısı” kitabına ön söz yazması bir xeyir­xahlıq
idi. Elə bir xeyirxahlıq ki, onun vasitəsilə insanın ömrü boyu çəkdiyi zəhmətin
itmədiyi, insanı tanıtmaq və sevdirmək yolunda baş verən xeyirxahlıq. Mərhum
professor Fuad Əfəndiyev haqqında Nurəddin Rzayevin yazdığı “Yaşatmaq yanğısı”
kitabı bir ömrün səhifə­lə­rini öyrənmək, oxumaq baxımından çox dəyərli idi.

Nurəddin Rzayevin öz müəllimi Fuad Əfəndiyevdən
kitab yazmasını Bəxtiyar Vahabzadə əbədi yaşamağa layiq olan insanlara hörmət
və ehtiram kimi qəbul edir­di. O, nəsillərə örnək ola biləcək işıqlı adamlardan
bəhs edən belə kitabların yazılmasını bir neçə cəhətdən lazımlı, vacib bilirdi.
Birincisi ona görə ki, nəsillər özlərindən əvvəlki nəsilləri tanımalı, onlardan
öyrən­məli, onların amal və əqidələrini bilməlidirlər. İkincisi isə belə
kitablar nəsillər arasında körpü yaratmaq baxımından, nəsilləri bir-birinə
bağlamaq baxımından, təbii ki, əhəmiyyətlidir. “Günlərin bir günü bu fikrə
gəldik ki, Nurəddin öz müəllimi haqqında olan düşüncələrini və bugünkü gənclik
üçün çox maraqlı olan xatirələrini saysız-hesabsız söhbətləriylə səpə­ləyincə
onları yazıb bir kitab şəklində xalqa çatdırsa, faydalı iş görmüş olar

2

. Əslində bunun özü də bir örnək­dir. O
mənada örnəkdir ki, xidməti olan belə müəl­limlərin hər biri barədə tələbələri
kitab yazsa, faydalı iş görmüş olarlar. Elmin müxtəlif sahələrində olmuş
görkəmli müəllimlərimiz var ki, onlar barədə kitablar yazılmamışdır. Bu da
həmin müəllimlərin yaxşı əməl­lərinin gələcək nəsillərə çatdırılması işini
əngəl­ləyir. Ona görə də bu qəbildən olan kitabların yazılması görkəmli
müəllimlərimizin xalqa tanıdılmasında mühüm rol oynaya bilər. Eyni zamanda
gəncliyin örnək və nümunə götürülməsində də əhəmiyyəti əvəzsiz ola bilər.

Yaxşılıq etmək, qayğıkeşlik göstərmək, xeyirxahlıq
bunlar hər adama deyil, Allahın ən çox sevdiyi bəndə­lərinə verdiyi bir
istedaddır. Bəxtiyar Vahabzadə belə keyfiyyətləri gördüyü adamları heç vaxt
unutmamış, həmişə onların ünvanına xoş söz demiş, onlardan yaz­mış, onların
yaxşı əməllərini cəmiyyətdə yaymışdır. Belələrindən biri də Əli Vəliyev idi.
Bəxtiyar Vahab­za­də onu özünə mənəvi ata hesab edirdi. Və onun xeyir­xah­lığından
bəhs edən “Mənəvi ata” adlı məqalə də yazmışdı. Bəli, onun mənəvi ata hesab
etdiyi Əli Vəliyevdə xeyirxah müəllim, əsl müəllim xisləti vardır. Bu
xeyirxahlığı yüzlərlə insandan biri kimi Bəxtiyar Vahabzadə də görmüşdü.
1951-ci ildə “S.Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə
edəndə müdafiənin saxlanılmasını iddia edənlər də olmuşdur. Guya əsərdə “çox
böyük metodoloji səhvlər” var. Lakin bu münasibət S.Vurğuna olan qərəzli müna­sibət
imiş. Bu vəziyyəti bilən Ə.Vəliyev gözlənilmədən müdafiəyə gəlir. Söz alıb
kürsüdən çıxış edir. Ertəsi gün Bəxtiyar Vahabzadə Əli Vəliyevgilə gəlir və ona
təşəkkürünü bildirir. Əli Vəliyev “bəsdir” deyib onun sö­zünü ağzında qoyur. ”
– Onu bil ki, – dedi, – mən nə səni, nə də S.Vurğunu deyil, haqqı müdafiə
elədim. Haq­­qın müdafiəsi üçünsə, adama təşəkkür eləməzlər. Çünki hamı belə
olmalı, hamı haqqın keşiyində dayanmalıdır”.

Bəxtiyar
Vahabzadənin pedaqoji görüşlərinin zirvəsi 1970-ci ildə yazdığı “Qiymət”
poemasıdır. Bu poemada Bəxtiyar Vahabzadənin müəllimlik fəaliyyəti, eləcə də
şair kimi duyğuları dil açıb danışır. Bu poema hər bir şagirdin, tələbənin
təlim, tərbiyə və təhsilinə müsbət təsir göstərər.

Paylaş: