1976-cı ilin orta məktəb
məzunlarından biri kimi Bakıya üz tutmuşdum. Arzularımın qanadında, istəyimin şirin xəyallarında
ovaxtkı M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun qapısını
döymüşdüm, bir az qorxa-qorxa, bir az sıxıla-sıxıla… Bax onda həyatımın ən ağır
zərbələrindən birini aldım. İstedad və bacarığım Dram və kino aktyorluğu şöbəsinin
qabliyyət imtahanında qeyri müvəffəq qiymətləndirilmişdi. Rayona qayıtmağa üzüm
yox idi. Bakıda qaldım. Tikintidə işə girdim. Həm işləyir, həm də instituta qəbul olmaq üçün yenidən ciddi surətdə
hazırlaşırdım.
Bu ərəfədə eşitdim ki, İncəsənət
İnstitutunda ciddi kadr dəyişikliyi baş verib və tanınmış elm adamı, filosof
Aslan Aslanov rektor təyin edilib. İndiki Xətai mədəniyyət sarayında fəaliyyət
göstərən və mənim də üzv olduğum xalq teatrının rəhbəri rejissor Məmmədkamal
Kazımovdan öyrəndim ki, bu adam məşhur
“Lalələr” mahnısının sözlərinin müəllifidir. Aha, bu bir az ümidimi artırdı.
Deməli şair təbiətlidir…
Əlqərəz qabliyyət imtahanından kifayət qədər
müvəffəq qiymət aldım. Bax bu məqamda Aslan müəllimin bir rektor kimi atdığı məntiqli
bir addımın xeyrini gördüm. O tapşırıq vermişdi ki, qabliyyətdən müvəffəq qiymət
alanlara digər imtahanlarda müəyyən dərəcədə mehribanlıq göstərılsın.
Mən bu mehribanlığı sonralar öz taleyimdə
dəfələrlə hiss elədim. Təhsil aldığım 1977\81-ci illərdə də, 1984-cü ilin payızında İnstitutun
Tədris teatrına aktyor kimi qəbul ediləndə də…
Rayondan gələn gənclərin əksəriyyəti
kimi mən də tələbəlik illərində İnstitutumuzun Yasamalıdakı yataqxanasında
yaşayırdım. Yaxşı yadımdadır V mərtəbə
83 saylı otaqda. Aslan müəllim bizim
yaşayışımızla şəxsən özü maraqlanar, vaxt tapan kimi yataqxanaya gələr və hətta
otaqları bir-bir gəzər, tələbələrlə çox mehriban söhbət edərdi. Özü də bu gəlişlərdən
heç kəs qabaqcadan xəbər tutmazdı, yəni bu əvvəlcədəz hazırlanmayan, qəfil gəlişlər
olardı. Biz belə qeyri rəsmi görüşlər zamanı ona az qala dogma adam kimi hər
bir dərdimizi danışir, bu və ya digər
problemlərimiz haqqında məlumat vermək imkanı qazanırdıq. Etiraf edim
ki, Aslan müəllim də, ən azından bir böyük kimi bizim problemlərimizə yuxarıda
qeyd elədiyim özünəməxsus bir mehribanlıqla yanaşardı. Özü də onun
bu münasibətində qəribə bir etik-estetik çalarlarin mövcudluğunu sezmək
çətin deyildi. Təsadüfi deyil ki, “Ölkənin ən möhtəşəm alı təhsil ocağı olan
universitetin fəlsəfə kafedrasında müəllim kimi pedaqoji fəaliyyətə başlayanda
belə bir ideya inamını əsas götürdü: gənclərdə, habelə müxtəlif nəsildən olan
insanlarda etik-estetik mədəniyyətin inkişafı problemi xüsusi tədqiqat obyektinə
çevrilməlidir.” (Pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Xəlilov.
“Görkəmli alim,pedaqoq, şair” məqaləsi. Xalq qəzeti, 24 iyul 2016-cı il)
Bu məqamda mənim diqqətimi çəkən bir məsələni
qeyd etmək istərdim. Hamının bildiyi kimi, Aslan müəllim bədii yaradıcılıqla məşqul
olur, şeir yazırdı. Mən nə tələbə olanda, nə də onun rektor olduğu vaxtlarda
institutda işlərkən rast gəlmədim ki, istər tələbələr, istərsə də institutda dərs
deyən teatr və kino aktyorları, ya da elə bədii qiraətlə məşqul olan müəllimlərdən
kim isə onun yazdığı şerlərə müraciət eləsin. Mən bunu boyuk ürəkli alimin, əzəmətli
bir pedaqoqun təvazökarlığına söykənən
yaradıcı adamların mehriban, səmimi münasibətinin nəticəsi hesab edirəm. Özü də
Aslan müəllimin kifayət qədər uğurlu bədii qiraət nümunəsi ola biləcək şeirləri
var idi. Bunun üçün onun poeziya yaradıcılığının nümunəsi olan “Səni düşünürəm”
(Baki, 1958), “Qızlar və bənövşələr” (Bakı,1961) və “Nəğməli günlərim”
(Bakı,1985) kitablarına müraciət etmək kifayət idi.
Mənim xatirəmdə Aslan müəllim mehriban, həlim
xasiyyəti ilə yanaşı eyni zamanda ciddi, bəzən barışmaz, hətta bir az da sərt,
günahkarı cəzalandırmaqdan çəkinməyən, hər kəsə qarşı obyektiv və prinsipial
münasibət bəsləyən bir rəhbər kimi qalıb. Qoy Uca Tanrı onun qəbrini nurla
doldursun.
Azad Şükür
Respublikanın əməkdar
artisti, dosent.
Mehriban Məmmədzadə
