Search for:

Dövlət başçısı faciə zərərçəkmişlərinə ilk yardım əlini uzatdı

Paylaş:


DİN, Baş Prokurorluq, FHN Narkoloji Dispanserdə dəhşətli yanğının ilkin səbəbini açıqladı



Martın 2-si saat 06.10-da Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.


Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə hallar nazirliklərinin yaydığı birgə məlumata görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi,  texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.


Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 34-ü xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 09.13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.


Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun “Trend”ə verdiyi məlumata görə, faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizlik qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq – əməliyyat tədbirləri davam etdirilir.


Prezident İlham Əliyev Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, faciənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılır:


Komissiyanın sədri


Abid Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini


Komissiyanın üzvləri:


Azərbaycan Respublikasının daxili işlər naziri


Azərbaycan Respublikasının fövqəladə hallar naziri


Azərbaycan Respublikasının Baş prokuroru


Azərbaycan Respublikasının səhiyyə naziri


Azərbaycan Respublikasının maliyyə naziri


Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri


Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi


Bakı şəhər İcra Hakimiyyətinin başçısı


Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı


Dövlət Komissiyasına tapşırılır ki, hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin; hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etsin; yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etsin; Mərkəzin işçilərinin və müalicə alanların müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin; Mərkəzin yeni binasının tikintisi ilə bağlı işlərin tamamlanmasını qısa müddət ərzində təmin etsin; görülmüş işlər haqqında mütəmadi məlumat versin.


Baş Prokurorluq Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirəcəklər.


Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Qeyd edək ki, hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi üçün ekspertiza da təyin olunub. İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.


Prezident İlham Əliyev Narkoloji Mərkəzdəki yanğında həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə tibbi yardım edilməsi ilə də bağlı göstərişlər verib. Prezidenti hadisənin baş verdiyi Respublika Narkoloji Mərkəzinə gedərək vəziyyətlə şəxsən tanış olub. Aidiyyəti qurumların rəhbərləri yanğının başvermə səbəbləri və nəticələri barədə dövlət başçısına məlumat verib.


Dövlət başçısı hadisənin nəticələrinin tez bir zamanda aradan qaldırılması və yanğının səbəblərinin araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi ilə əlaqədar müvafiq tapşırıqlarını verib.


Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verib.


Həyata keçirilən tədbirlərin Azərbaycan Prezidentinin şəxsi nəzarətində olduğu bildirilir.


Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və baş prokurorun birinci müavini Rüstəm Usubov da şəxsən hadisə yerində olublar.

42-CiParalel.az

Paylaş: