Məhkəmədən növbəti oxşar qərar: ölümdə təqsirləndirilən sürücüyə bəraət verildi

Səbail Rayon Məhkəməsi ölümə səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı təqsirləndirilən şəxsə bəraət verib.
Vətəninfo.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) ilə təqsirləndirilən Fizuli Yusifovun cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
Məhkəmənin elan etdiyi hökmə əsasən, F. Yusifovun əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib.
Qeyd edək ki, bundan öncə Binəqədi Rayon Məhkəməsi 1973-cu il təvəllüdlü Rəhman Əsədova təqsirləndirildiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə bəraət verib. Onun haqqındakı cinayət təqibi dayandırılıb və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Belə ki, sürücü şirkətlərdən birinə məxsus “İsuzu” markalı yük maşınını idarə edib. O, avtomobillə Binəqədi qəsəbəsində hərəkətdə olarkən 1985-ci il təvəllüdlü Dünyamin Məlikov yola qəfil çıxıb. Nəticədə avtomobilə çırpılan şəxs ağır xəsarət alıb. 70 gün xəstəxanada müalicə alan 41 yaşlı kişi orada ölüb.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Dünyamin Məlikov hadisə günü qeyri-rəsmi nikahda yaşadığı qadınla birgə müxtəlif yerlərdə spirtli içki qəbul edib.
Qadın ifadəsində bildirib ki, Dünyamin həmin gün təxminən 2 litr spirtli içki qəbul edib və özünü öldürəcəyini deyib. Onlar piyada hərəkət edərkən gecə saat 00:30 radələrində Dünyamin qaçaraq özünü 10 May küçəsi ilə hərəkət edən avtomobilin altına atıb. Saatda təxminən 50 kilometrlə hərəkət edən yük maşınına çırpılan şəxs başından zədə alıb.
Məhkəmədə mərhumun valideyni təqsirləndirilən şəxsdən şikayətçi olmayıb. Dünyaminin sevgilisi də hadisədə sürücünün günahının olmadığını deyib.
