Rəqibini zədələyən futbolçuya qeyri-adi cəza: Sağalanadək oynamayacaq

Braziliyanın “İnternasional” klubunun müdafiəçisi Viktor Qabriel qeyri-adi cəzaya məruz qalıb.

42-ciparalel.az Apasport.az-a istinadən “UOL Esporte”yə istinadən xəbər verir ki, Braziliya Ali İdman Ədalət Məhkəməsinin İntizam Komissiyası 22 yaşlı futbolçunu “Kruzeyro”nun hücumçusu Qabriel Pek məşqlərə qayıdanadək futboldan diskvalifikasiya edib.

Hadisə Braziliya A Seriyasının XIX turunda keçirilən “İnternasional” – “Kruzeyro” matçında baş verib.

Belə ki, “Kruzeyro”nun 2:1 hesabı ilə qalib gəldiyi görüşün 58-ci dəqiqəsində Viktor Qabriel rəqibinə qarşı kobud oynadığı üçün birbaşa qırmızı vərəqə alıb.

Müayinədən sonra Qabriel Pekin sol ayağının baldır sümüyündə sınıq aşkarlanıb və futbolçu əməliyyat olunub.

Onun bərpa müddətinin üç-dörd ay çəkəcəyi gözlənilir.

İntizam Komissiyasının qərarına əsasən, Viktor Qabriel yalnız zədələdiyi Qabriel Pek komanda ilə məşqlərə qayıtdıqdan sonra rəsmi oyunlarda iştirak edə biləcək.