Yunanıstanın baş naziri “Odisseya” filminə görə Kristofer Nolana təşəkkür etdi

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis rejissor Kristofer Nolanla onun Homerin əsəri əsasında çəkdiyi yeni “Odisseya” filmini müzakirə edib.
42-ciparalel.az Kulis.az-a istinadən xəbər verir ki, bu barədə “ERT” telekanalı məlumat yayıb.
Videozəng zamanı baş nazir britaniyalı rejissora Homerin poemasını ekranlaşdırdığına və bütün dünyanın Qədim Yunanıstana olan marağının oyanmasına verdiyi töhfəyə görə təşəkkür edib. Mitsotakis həmçinin çəkilişlərin böyük bir hissəsinin Yunanıstanda aparılmasına görə də minnətdarlığını bildirib.
Kristofer Nolan kimdir?
Kristofer Nolan 30 iyul 1970-ci ildə Londonda anadan olmuş ingilis və amerikalı kinorejissor, ssenarist və prodüserdir. O, müasir dövrün ən nüfuzlu, gəlirli və uğurlu rejissorlarından biri sayılır. Karyerası ərzində “Qara cəngavər” (The Dark Knight) trilogiyası, “Başlanğıc” (Inception), “Ulduzlararası” (Interstellar), “Dünkerk” (Dunkirk), “Tenet” və “Oppenheymer” (Oppenheimer) kimi qlobal miqyasda səs-küy yaradan ekran işlərinə imza atıb.
Nolanın filmləri əsasən qeyri-xətti hekayə quruluşu, zaman, yaddaş və fəlsəfi konseptlər üzərində qurulması ilə fərqlənir. O, 2024-cü ildə “Oppenheymer” filminə görə həm “Ən yaxşı film”, həm də “Ən yaxşı rejissor” nominasiyalarında “Oskar” mükafatına layiq görülüb.
