İrana qarşı əməliyyatda yaralanan ABŞ hərbçilərinin sayı 624-ə çatıb

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı yaralanan amerikalı hərbçilərin sayı 624-ə çatıb.

Vətəninfo.az xəbər verir ki, “The New York Times” qəzetinin Pentaqonun məlumatlarına istinadən yaydığı xəbərə görə, yaralılarla bağlı statistika iki ayrı dövr üzrə təqdim olunub. Bu bölgü əməliyyatların fevral ayında başlaması və 7 iyuldan etibarən münaqişənin yenidən kəskinləşməsi ilə əlaqələndirilir.

Nəşrin yazdığına görə, 7 iyul tarixindən bu yana 207 ABŞ hərbçisi yaralanıb. Münaqişənin başlanğıcından etibarən isə yaralananların ümumi sayı 624 nəfərə yüksəlib.

Qəzetin hərbi mənbələri bildiriblər ki, statistik göstəricilərin iki mərhələyə bölünməsi ABŞ və İran arasında aprel ayında qüvvədə olmuş atəşkəsdən sonra baş verən hadisələri ayrıca qiymətləndirmək məqsədi daşıyır.

Bununla yanaşı, “The New York Times” daha əvvəl Pentaqonun rəsmi internet səhifəsində ABŞ ordusunun ölən hərbçilərinin sayı ilə bağlı məlumatın gözlənilmədən azaldıldığını da yazmışdı.

Nəşrin məlumatına əsasən, üç hərbi rəsmi və Pentaqonun sözçüsü bu dəyişikliklə bağlı fərqli izahatlar veriblər. Pentaqonun sözçüsü Şon Parnell isə qəzetin təqdim etdiyi rəqəmləri təkzib edərək onları həqiqəti əks etdirməyən məlumat kimi qiymətləndirib.