Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

“Təyyarə biletlərinin ucuzlaşması Azərbaycana turist axınını artıra bilər”.
42-ciparalel.az Bizim.media-ya istinadən xəbər verir ki, bunu “demokrat.az”a açıqlamasında Ceyhun Aşurov deyib.
O bildirib ki, Azərbaycanda bu ilin ilk beş ayında turist sayında təxminən 11 faizlik azalma qeydə alınıb.
“Hazırda turizm sektorunda durğunluq müşahidə olunur. Hotellərin doluluq səviyyəsi də turist axınının zəiflədiyini göstərir. Bunun əsas səbəblərindən biri regionda müşahidə olunan gərginlikdir. Azərbaycanın quru sərhədlərinin bağlı qalması təhlükəsizlik baxımından müəyyən məqsədlərə xidmət etsə də, turist axınına təsirsiz ötüşmür. Ölkəyə giriş və çıxış hava nəqliyyatı vasitəsilə mümkündür. Lakin turist sayının artırılması üçün aviabiletlərin daha əlverişli qiymətlərlə təklif edilməsi vacibdir. Azərbaycanın beynəlxalq hava limanlarının mövcudluğu digər aşağı büdcəli hava daşıyıcıları ilə əməkdaşlığın genişləndirilməsinə imkan yaradır”.
“Paytaxtdan kənarda yerləşən hava limanlarından xarici şəhərlərə birbaşa uçuşların artırılması turistlərin ölkəyə gəlişini stimullaşdıra və turizm sektorunda canlanmaya səbəb ola bilər”, – deyə ekspert fikrini yekunlaşdırıb.
Qeyd edək ki, son illərdə Azərbaycana gələn turistlərin sayı azalıb. Hətta, qonşu ölkələrdə belə vəziyyət daha ürəkaçandır. Məsələn, Gürcüstan və Ermənistana bizə nisbətən daha çox turist gəlir. Türkiyə və digər ölkələrlə isə müqayisə aparmaq düzgün olmaz.
42-ciparalel.az Bizim.media-ya istinadən
