Krımda kütləvi panika: Rus əhalisi qaçır, sənədlər və texnika təcili təxliyə edilir

Ukrayna hərbi qüvvələrinin Krım yarımadasındakı strateji obyektlərə endirdiyi ardıcıl zərbələr və cəbhədəki hərbi gərginlik işğal olunmuş bölgədə kütləvi panikaya, rus əhalisinin yarımadanı sürətlə tərk etməsinə yol açıb. ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri və bölgədəki kəşfiyyat mənbələri Krımda ciddi demoqrafik dəyişikliklərin başladığını elan ediblər.
42-ciparalel.az xəbər verir ki, amerikalı hərbi ekspertlərin son hesabatına görə, rus dilli əhalinin yarımadadan kütləvi axını qısa müddətdə kəskin demoqrafik fəsadlara səbəb olacaq və bu mənfi meyl uzunmüddətli perspektivdə tamamilə sabitləşə bilər. Eyni zamanda, Krımda fəaliyyət göstərən krımtatar və ukraynalılardan ibarət “Ateş” partizan hərəkatı yarımadada Rusiya rəhbərliyinin birbaşa əmri ilə dövlət sənədlərinin və bahalı avadanlıqların təcili olaraq ərazidən çıxarıldığını ifşa edib.
Partizanların əldə etdiyi məlumata görə, Kertç və Feodosiya şəhərlərinin işğalçı administrasiyaları Krımın qondarma rəhbərliyindən bütün qiymətli arxiv sənədlərinin və kompüter texnikasının maksimal dərəcədə qısa müddətdə – iyulun 3-ü də daxil olmaqla tam təxliyə edilməsi barədə təcili və gizli sərəncam alıblar. Analoji məxfi əmr yarımadanın işğal altında olan digər bir sıra şəhər və rayonlarının rəhbər şəxslərinə də çatdırılıb. Müdafiə analitikləri sənədlərin bu cür tələsik qaçırılmasını rəsmi Moskvanın Krım üzərindəki nəzarəti itirmək qorxusunun və yarımadada gözlənilən irimiqyaslı hərbi əməliyyatlara hazırlığın bariz göstəricisi kimi qiymətləndirirlər.
