15 İyun: Dövlətçilik memarının qayıdışı və Zəfər yolunun başlanğıcı

Tarix bəzən elə kəskin döngələrdən keçir ki, bir millətin taleyi bir insanın çiyinlərinə yüklənən missiyadan asılı olur. 1993-cü ilin iyun ayı Azərbaycan üçün məhz belə bir sınaq dövrü idi. Ölkənin dövlətçilik sütunları sarsılmış, xaos və anarxiya millətimizin gələcəyini qaranlığa qərq etmək üzrə idi. Məhz bu kritik anda Heydər Əliyev şəxsiyyəti bir xilaskar kimi meydana çıxdı. Ulu Öndərin siyasi müdrikliyi, dəmir iradəsi və xalqa olan sarsılmaz inamı nəinki ölkəni parçalanmaqdan qurtardı, həm də müasir, müstəqil Azərbaycan dövlətinin təməl daşlarını- siyasi sabitliyi və milli birliyi bərqərar etdi. 15 İyun sadəcə hakimiyyət dəyişikliyi deyil, Heydər Əliyev fəlsəfəsinin dövlət idarəçiliyinə qayıdışı, Azərbaycanın öz kimliyini və gücünü yenidən kəşf etdiyi “dirçəliş düsturu” idi.
Bu tarixi Qurtuluş fəlsəfəsinin ən böyük qələbəsi isə şübhəsiz ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, cənab İlham Əliyevin rəhbərliyi ilə zirvəyə çatmasıdır. Ulu Öndərin qoyduğu möhkəm təməllər üzərində Prezident İlham Əliyev müasir, innovativ və hərbi-siyasi cəhətdən regionda söz sahibi olan bir dövlət inşa etdi. İlham Əliyevin strateji baxışı, çevik diplomatik gedişləri və ən əsası, 44 günlük Vətən müharibəsində göstərdiyi ali baş komandanlıq qətiyyəti, məhz 1993-cü ildə qoyulan Qurtuluş təməlinin tarixi zəfərlə taclanmasıdır. Bu gün biz 15 İyunun məntiqi davamı olan, Şuşada dalğalanan üçrəngli bayrağımızın qürurunu yaşayırıq. Bu, ata vəsiyyəti ilə başlamış, oğul qeyrəti ilə qələbəyə çatmış və xalqın birliyi ilə əbədiləşmiş bir dövlətçilik dastanıdır.
Heydər Əliyevin dövlətçilik fəlsəfəsi Azərbaycanı addım-addım bu gün fəxr etdiyimiz qüdrətli dövlətə çevirdi, İlham Əliyev isə bu irsi qlobal arenaya çıxararaq onu “Zəfər dövləti” statusuna yüksəltdi:
Bu gün 15 İyun bizim üçün həm də ikiqat qürur mənbəyidir. Məhz 2021-ci ilin 15 iyununda Şuşada imzalanan Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün fəlsəfəsini regional və qlobal miqyasda taclandırdı. Müstəqilliyini itirmək təhlükəsi olan bir dövlətdən, regionun geosiyasi xəritəsini diktə edən, qardaş Türkiyə ilə müttəfiqliyini rəsmiləşdirən bir Azərbaycana keçid- bax, budur Qurtuluşun əsl nəticəsi və İlham Əliyevin siyasi ustalığı!
15 İyun sadəcə bir təqvim günü deyil; bu, dövlətimizin keçmişindən aldığı güclə gələcəyə inamla baxdığı “Zəfər kodu”dur. Heydər Əliyevin açdığı yol, İlham Əliyevin rəhbərliyi ilə işıqlı və qələbə dolu bir zəfər yoluna çevrildi.
Milli Qurtuluş Günümüz mübarək olsun!
Siyasi Şərhçi Arzuman Muradlı
