“Hamıdan çox ürəyimə ərk etmişəm…” – Hidayət Orucovun şeirləri

42-ciparalel.az Kulis.az-a istinadən ötən gün vəfat edən tanınmış dövlət xadimi, şair, dramaturq, publisist, tərcüməçi Hidayət Orucovun şeirlərini təqdim edir.

Azərbaycan şeiri

Sənin nə qəribə kainatın var –
Bir gözün nəşəli, bir gözün nəmli.
Sənin nə qəribə bir həyatın var, –
Nəsimi sitəmli, Füzuli qəmli.

Yadlar çoxlarının adını pozub –
Bu dərdə dözməyə qəlbim dağ olub.
Belə yaraları ovutmaq üçün
Yaxşı ki, Nizami, Vaqif doğulub!

Məzlum olmayıbdır adın dünyada,
Hələ bu meydanda döyüşlərin var.
Dərdindən-qəmindən danışanda da
Sabir qəhqəhəli gülüşlərin var.

Dəryasan, şairlər – mirvarilərin,
Eli düşünüblər, eli anıblar.
Alovlu Müşfiqin, Vurğunun sənin
Min sözü qoynunda damla sanıblar.

Kimin ki, inləyən bir nəğməsi var,
Ona öz iniltim, yaram demişəm!
Şairsiz obaya, şersiz ömrə
Günəşi, torpağı haram demişəm!

…Ən gözəl şeirlər – ilk yaz çəməni…
Hər gün o çəməndə dinləyin məni.
Laylayla beşikdə böyüdüm, dostlar,
Dünyadan şerlə götürün məni!..

Göyçə, 1969

* * *

Ağacsansa – çinar ol,
torpaqsansa – göy çəmən,
Nəğməli ürəklərin
eşqinə vurğunam mən.
Ulduzsansa – zirvə ol
bütün səyyarələrə,
Zirvələrdən nəğmə səp
hər tərəfə, hər yerə.
Çeşməsən – susuz olma,
çaysansa – şəlaləsiz,
Bahara oxşamazsan
bənövşəsiz, laləsiz.
Dağsansa – Savalan ol!
Ayağın altda qalsın
uca dağların çoxu.
Ömrünün əbədiyyət,
ölməzlik nəğməsini
ulduza yetirməkçün
sonsuz göylərdə oxu.
İnsansansa, borclu ol
ömrün, həyatın boyu
bütün bəşəriyyətə.
Məhəbbətsiz yaşama,
sədaqətsiz yaşama.
Ölsən də
Öl sevərək!
Son anda da arxalan
bir dəli məhəbbətə!

1975

Hərdən öz kölgəmi qamçılayıram

Hərdən… öz kölgəmi qamçılayıram –
Nadanla üz-üzə əyləşəndə də,
İşbazla, dilbazla dilləşəndə də…
Sanıram – üz-üzə əyləşdiyim vaxt,
Sanıram – göz-gözə dilləşdiyim vaxt
Nadan dönüb birdən… alim olacaq,
İşbaz dönüb birdən… həkim olacaq,
Nə bilim, nəçi – nə,
Kim – kim olacaq…

Hərdən… öz kölgəmi qamçılayıram…
Deyirəm: – bu misra kimə gərəkdir –
Əgər söz mülkündə Nəsimi varsa?!
Sevgi nəğmələrin nəyə gərəkdir –
Saçların günbəgün belə ağarsa?!
Şeirdə çəmənlər, çiçəklər solub,
Giley də, güzar da… “xoş” adət olub,
Günahkar da… guya təbiət olub…

Hərdən… öz kölgəmi qamçılayıram –
Aya raket uçur, hara baxırsan,
Sular belə axır, hara axırsan?
Şimşək yerdə çaxır,
sən göylərdəsən,
Şəhərlər şişibdir, sən… köylərdəsən.
Sevdaya giribdir qurd quzu ilə…
Kişisən, sözünü şersiz söylə!

…Elə öz kölgəmi qamçılayıram,
Elə öz sözümü qayçılayıram.
Sevincim – göz yaşı,
qəmim – göz yaşı,
Ürəyim – sellərin hirsi, savaşı!
Gözlərim bir yorğun, çılğın dəryadır,

Sınıb çox dərəmin zirvə qanadı,
Qalıb ürəyimdə bir zirvə adı, –
Min həsrət, bir çaya qovuşub axar,
Yüz ildir o çayım elə yoldadır.

O zirvəyə bir gün qalxacağımamı?!
O dərəyə heç vaxt enməyəcəyəm!
O çaya qoşulub axacağımmı?!
Külüm qor olacaq, sönməyəcəyəm!

Elə bu yollarda ağarır başım,
Çox dostdan, tanışdan üzülür əlim.
Qıyya çəkər göyə sevgim, savaşım,
Nə yolum bilinər, nə də mənzilim,
Elə öz sözümü qayçılayıram,
Elə öz atımı qamçılayıram…

1986

***

Hamıdan çox ürəyimə ərk etmişəm,
Hamıdan çox ürəyimi danlamışam.
Hamıdan çox ürəyimlə yol getmişəm,
Bu sehrli dünyanı da
ürəyimlə seyr etmişəm,
ürəyimlə anlamışam.

Zəmanənin sədasını,
Sualını, vurğusunu, nidasını…
ürəyimlə dinləmişəm.
Haqsızlığın qabağında
ürəyimlə alovlanıb,
ürəyimlə inləmişəm.

Haqq tələbim, düz yerişim onunkudur,
min səhv işim onunkudur!
Məndən sonra yaşayacaq şerim varsa –
onunkudur,
Dost-tanışlar arasında
yerim varsa – onunkudur,
Odur mənim axşam-səhər
gözümdəki,
beynimdəki,
köksümdəki,
Ürəyimsiz mən nəyəm ki?!!

Çıraq olub düz işimdə, günahımda,
Çıraq olub hey alışır dünənimdə,
bu günümdə,
sabahımda.
Ürək mənim öz sevincim,
öz təlaşım,
öz ahımdır.
Sərt yollarda düz yeriyən,
Düz yollarda… səhv eləyən
qeyri-adi
Allahımdır!

1978